“Harrisin qələbəsi İsrail üçün ekzistensial təhlükədir” – Donald Tramp
ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabr seçkilərindəki qalibiyyətinin və ya məğlubiyyətinin İsrailin tarixində ən mühüm gün olacağını bəyan edib.
SAVASHMEDİA.az “Politico”ya istinadən xəbər verir ki, Tramp bu fikrini “HƏMAS”ın İsrailə hücumunun ildönümü ilə bağlı tədbirdə çıxış edərkən deyib.
O, bir daha rəqibi Kamala Harrisin qələbəsini İsrail üçün ekzistensial təhlükə adlandırıb. “Əgər bu seçkidə qalib gəlməsək, bunun hər şey üçün böyük nəticələri olacaq”, - deyə Tramp vurğulayıb.
Keçmiş prezident bir daha Ağ Ev administrasiyasını bir il əvvəl baş verən vəhşiliklərdə ittiham edib.
"Prezident olsaydım, oktyabrın 7-də baş verən hücum heç vaxt baş verməzdi. Son iki il sübut etdi ki, zəiflik yalnız zorakılıq və müharibə doğurur”, - deyə o, əlavə edib.
Qeyd edək ki, Tramp və Harris “HƏMAS”ın İsrailə hücumunun ildönümünü qeyd etmək üçün seçkiqabağı kampaniyanı bir gün ərzində dayandırıblar.
Hərbi Dəniz Rəsədxanasında çıxış edən Harris bu qətliamı xalis pislik adlandırıb və dünyanı baş verənləri heç vaxt unutmamağa çağırıb.
Xatırladaq ki, ötən il HƏMAS-ın İsrailə hücumu 1200 nəfərin ölümünə səbəb olub və bölgədə qanlı qarşıdurmanın başlanması ilə nəticələnib.
Xatirə SADİQ