Hökumətin işi – qayda yaratmaq!
Son illər Bakıda sayı Marksın saqqalındakı tüklərin sayını ötmüş binaları daha nə cür adlandırmırlar: hündür bina, təzə bina... Kefin nə istəyirsə – de, bircə “göydələn” adlandırma.
Göydələn Nyu-Yorkda “bitir”. Bunun damı isə göyü altdan heç qıdıqlamağa da çatmır. Söz düşmüşkən, Moskvada belə tikililərə “novostroyka”, “şifoner”, “karandaş” da deyirlər. Amma oradakılar müqayisədə həqiqətən ucadır: 30, 40, 80 mərtəbə...
Yeni binalar paytaxtımızın mənzərəsini kökündən dəyişib. Kökündən, dibindən, çünki hərəsinin öz yeraltı qarajı var. Dəyişib, ona görə ki, bəzi hallarda, əgər memarlıq cəhətdən peşəkarlıqla, zövqlə yerinə yetirilibsə, göz oxşayır. Yox, bir-birinə az qala yapışıbsa, gün işığının qarşısını kəsməklə qonşu binanı sözün hərfi mənasında kölgədə qoyubsa, nəhayət, bir binanın eyvanından digərinin eyvanına tullanmaq, keçmək asan olubsa, belə yenilik şəhərimizə, adımıza, mentalitetimizə qətiyyən yaraşmayan şeydir. Hələ mən sanitar normalarını, memarlıq qaydalarını demirəm.
Əhali arasında yeni uzundrazlara (bu ad da məndən hədiyyə olsun!) etibar yoxdur. Onların zəlzələ zamanı çökəcəyi gözlənilir. Hər dəfə Türkiyədə yer əsəndə, bizim camaat da vəlvələyə düşür. Bakıda son zəlzələ zamanı qonşularım maşınlarına minib tələsik qarajdan çıxdılar: doğma rayona yollandılar. Mən isə indi də onların yanında xəcalət çəkirəm. Axı yerin titrəyişini qətiyyən hiss etməmişdim. Etsəydim də nə fayda: doğma rayonum yoxdur, ögeyə isə gərək deyiləm.
Yeni binaların bəlası zəlzələ deyil: onlar möhkəm beton karkas üzərində ucaldılıb. Amma, özü çökməsə də, divarlar dağılar, çünki çox sadə kərpic laydır. İçi boş kərpiclər sementə, quma, suya qənaət məqsədilə malalanmır, bağlayıcı təbəqə ilə bərkidilmir. Divarlar akustika cəhətdən çox üzüyoladır. Bir gün qonağım dəhlizdə ikən, qonşum öz evində səbir gətirdi. Qonaq elə düşündü ki, mənəm, dedi “Sağlam ol!”. Cavab verdim “Divar sağ olsun!”. Axı özüm yazmışam ki, yaxşısı fikir deyil, zarafat etməkdir.
İdarəçilik qüsurlarından danışaq. Mənzili özəlləşdirən kimi, komendanta xəbər verdim. Elə düşündüm ki, deyəcək çıxarışın surətini təqdim edim və ödəniş azalacaq. Çünki sənəddə ümumi sahə 9 kvadratmetr az göstərilib. Heç qımıldanmadı. Əvəzində, üç ay sonra qapıma ultimatumlu vərəq gəldi ki, bələdiyyəyə vergi ödəmədiyimə görə cərimə olunuram. Üstəlik, bir az da ləngisəm, işim məhkəməyə düşəcək. Eyni məbləğlər – vergi və cərimə – telefonuma gəldi. Adi sual: bunu cərimə yazmaqdan əvvəl göndərmək olmazdımı?! Nömrəmi bilirdin. Mesaj göndərəydin. Mənə dedilər: “Haqlısan, ver məhkəməyə”. Hökuməti? Provokatorlar!
Qanuna görə ilk dəfə quraşdırılmış sayğaclar üçün “Azərişıq”, “Azəriqaz”, “Azərsu” pul götürməməlidir. Yeni binalarda hər hansı sayğac, əlbəttə, ilkdir. Lakin idarəçi onlara görə haram pul qoparır. Şübhə yoxdur ki, həmin kommunal xidmətlərin bu məsələdən xəbəri də var, onda iştirakı da. Məntiq əsl oğru düşüncəsidir: mənzilə, təmirə, mebelə külli məbləğ ödəmisən, daha bir neçə min manata görə canın çıxmaz. Axı, oğrunun gözündə günahkar həmişə mal sahibidir. Tanışım təzəcə evlənib gəlini yeni mənzilə gətirmək istəyirdi. Elektrik sayğacından ötrü ondan 600 manat istədilər. Bilirdilər ki, bank işçisidir, yəqin düsünürdülər bank onundur. Bir az etiraz, mübahisə – qiymət 300 manata endi. Sən demə buna da endirim olarmış! Şübhə yoxdur, sayğac həqiqətən pulsuzdur.
Mənzil istismarı təşkilatlarının bəlkə də ən böyük fırıldağı ödəniş qəbzi ilə bağlıdır. 3 il əvvəl babam arxivinə əl gəzdirirdi. Gözümə sovet dövrünün mənzil idarəsinin qəbzi dəydi. Nümunə kimi bir nüsxə saxlamışdı. Sənəddə hər ödənişin adı və məbləği ayrı-ayrı göstərilmişdi. Ayrıca qrafalalarda mənzilin yaşayış və ümumi sahəsi, qeydiyyatda olanların sayı, qaz, su, kanalizasiya, zibilin daşınması, radio xərcləri. Müasir juliklər (fırıldaqçılar) ona görə bu məlumatları gizli saxlayırlar ki...
Nənəm səhər evdə ələk-vələk edirdi. Soruşdum:
– Nə axtarırsan, ay nənə?
Dedi:
– Haradasa hökumət olmalıydı...
A.ƏZİZ