Netanyahudan Trampa "işinlə məşğul ol" mesajı - Razılaşma sənindir, bizim yox
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa ölkəsinin Livanla bağlı mövqeyini açıq şəkildə çatdırıb.
SAVASHMEDİA.az xəbər verir ki, İsrail mediasının yaydığı məlumata görə, Netanyahu Vaşinqton və Tehran arasında əldə olunan yeni razılaşmada Livanla bağlı nəzərdə tutulan müddəaların İsrail üçün məcburi olmadığını bildirib.
Məlumata görə, İsrail hökumətinin başçısı ABŞ prezidentinə ölkəsinin Livanın cənubunda nəzarətdə saxladığı təhlükəsizlik zonalarını tərk etməyəcəyini və "Hizbullah" hərəkatına qarşı hərbi əməliyyatları davam etdirəcəyini deyib.
İsrailin müdafiə naziri İsrael Kats da məsələ ilə bağlı açıqlamasında ordunun Livan, Suriya və Qəzzadakı mövqelərini qoruyacağını bəyan edib. Onun sözlərinə görə, bu ərazilər İsrailin təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
Qeyd edək ki, ABŞ və İran arasında əldə olunan ilkin razılaşmada Livanda atəşkəsin möhkəmləndirilməsi və İsrail qüvvələrinin müəyyən ərazilərdən çıxarılması məsələlərinin də yer aldığı bildirilir.
Netanyahunun açıqlamaları İsrailin ABŞ-nin İran və Livanla bağlı yeni planlarına qoşulmaq niyyətində olmadığını ortaya qoyub.
Müşahidəçilərin fikrincə, Netanyahu hökumətinin sərt mövqeyi Vaşinqtonun Yaxın Şərqdə gərginliyi azaltmaq planları ilə ziddiyyət təşkil edir və ABŞ-İsrail münasibətlərində yeni gərginlik mərhələsinin başlanmasına səbəb ola bilər
Oğuz