İmtahan həyəcanından belə qurtulun – Tövsiyələr
İmtahan stressi demək olar ki, hər bir abituriyentin (şagirdin) keçirdiyi haldır. Abituriyentlərin çoxu bilməsə də, imtahan stressini aşmağın yolları var.
Bu üsullar streslə əsaslı şəkildə şəkildə mübarizə aparmaqla, həm psixoloji, həm də akademik baxımdan daha uğurlu nəticələr əldə etməyə kömək edə bilər.
SAVASHMEDİA.az imtahan stressini aşmağın üsullarını araşdırıb.
Planlama
Gündəlik oxu rejiminizə uyğun cədvəl tərtib edin. Cədvəldə gün ərzində oxuyacağınız mövzuları və mövzulara ayıracağınız vaxtı dəqiqləşdirin. Zehni yormamaq üçün 45-50 dəqiqə oxuyandan sonra 5-10 dəqiqəlik fasilə verin.
Yuxu rejimi
Yaddaşı möhkəmləndirmək və diqqəti oxuduğunuz mövzuya cəmləyə bilmək üçün gecələr 7-8 saat yatmaq şərtdir.
Düzgün qidalanmalısınız
Şəkər və kofeindən uzaq durun. Qoz, balıq,yumurta kimi protein və vitaminlərlə zəngin qidalarla qidalanın.
Nəfəs terapiyası
Gərginlik, darıxma və sıxılma anlarında dərindən nəfəs almaq köməyinizə çatacaq. Burundan olmaq şərtilə dərindən nəfəs alın, 4 saniyə saxlayıb sonra yavaşca havanı ağızdan xaric edin.
Meditasiya
Hər gün 5-10 dəqiqə sakitlik içində oturmaq beyinə rahatlıq verir.
Fiziki hərəkət
Sadə gəzinti, yoga və ya idman stressi azaldır.
Müsbət düşün və özünə inan!
Özünə “bacarıram”, “hazıram”, “çalışmışam, nəticəsini görəcəyəm” kimi cümlələr demək müsbət təsir göstərir.
Keçmiş uğurlarını xatırla – Bu, inamını artıracaq.
Sınaq imtahanlar və təkrar
Özünü imtahan şəraitində test et. Beləliklə, həm vaxtı necə idarə edəcəyini öyrənəcəksən, həm də stressə qalib gələcəksən.
Səhvlər üzərində iş
Etdiyin səhvlərə diqqət göstər.Harada və niyə səhv etdiyini analiz et. Üstündən ötüb keçmədiyin səhv sənə imtahanda minimum bir düz cavab qazandıracaq.
Gündəlik yaz
Qeydlər et. Gün ərzində nəyi öyrəndiyini qeyd et. Öyrəndiklərini qeyd etmək stressini azaldacaq.
Sosial şəbəkələrdən istifadəni məhdudlaşdır
İmtahana 1-2 həftə qalmış sosial mediadan ya tamamilə uzaq qalmaq, ya da gündəlik limitlə istifadə etmək məqsədəuyğundur. Çünki sosial media həm vaxt aparır, həm də lazımsız məlumatlarla beyini doldurur. Buna telefonu başqa otağa qoymaqla başlaya bilərsən.
Danış və dəstək al
Dostlarınla və ailənlə duyğularını bölüşə bilərsən. Bu, daxili təzyiqi azaldar. Psixoloqla da məsləhətləşə bilərsən.
Təzyiq altında hiss etmə
Özünü ən üstünə məcbur etməməlisən. Bacara bildiyinin ən yaxşısını etməyə qadirsən. Özünü təzyiq altında saxlasan (məsələn, 700 bal toplamalıyam) stress səni məğlub edəcək.
Vaxtdan səmərəli istifadə et
Pomodoro texnikası sənə uyğundur. 25 dəqiqə dərs, 5 dəqiqə fasilə. 4 pomodorodan sonra 15-30 dəqiqə uzun fasilə.Əsas prioritetlərini təyin et. Az əhəmiyyətli tapşırıqları təxirə sal və ya sil.
Motivasiya yarat
Sənə çətin gələn mövzular üçün özünə mükafatlar təyin et. Məsələn, bu mövzunu bitirsəm, maraqlı bir filmə baxacağam. İlhamverici videolar və ya bioqrafiyalar da izləyə bilərsən.
Klassik musiqiyə aşağı tonda qulaq as
Mostsart, Vivaldi , Şopen bunun üçün ideal seçimdir. Yatmazdan yarım saat əvvəl klassik musiqi ilə beynini dincəldə bilərsən.
Zehnini idarə et, qara fikirlərdən uzaqlaş
“İmtahanda uğursuz olsam, hər şey bitdi” deyə düşünmə, özünü “əlimdən gələni edirəm, uğursuzluq olsa belə, çıxış yolu taparam”a köklə.
İmtahandan bir gün əvvəl bunları et!
Axırıncı gecə sadəcə təkrar et, yeni mövzu öyrənməyə çalışma.
İmtahana ac getmək olmaz. Çünki acqarına imtahana girmək diqqəti azaldır.
Vaxtını idarə etməyi bacar. Ona görə də imtahanda əvvəlcə bildiyin sualları cavablandır, sonra isə çətin gələnlərə vaxt ayır.
Banu