“İsrailin razılığı olmadan Fələstini tanıya bilməzlər” - Marko Rubio
“Avropanın bəzi ölkələrinin Fələstin dövlətini tanımaq qərarının əhəmiyyəti olmayacaq, çünki belə dövlət İsrailin razılığı olmadan yaradıla bilməz”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Fox Radio-nun efirində ABŞ dövlət katibi Marko Rubio deyib.
Dövlət katibi bu ölkələrin niyyətlərini “əks-məhsuldar” adlandırıb: “Bu, heç nə demək deyil. Əvvəla, bu ölkələrin heç birinin Fələstin dövləti yaratmaq imkanı yoxdur. İsrailin razılığı olmadan Fələstin dövləti ola bilməz. İkincisi, o dövlətin harada yerləşəcəyini belə deyə bilməzlər. Onu kimin idarə edəcəyini deyə bilməzlər. Üçüncüsü isə, hesab edirəm ki, bu, əks-məhsuldardır”.
Dövlət Departamenti rəhbərinin sözlərinə görə, belə tanıma HƏMAS qruplaşmasını bundan sonrakı eskalasiyaya sövq edir.
“Təsəvvür edin ki, siz HƏMASsınız. Siz hələ də 20 günahsız insanı girov saxlayırsınız. 2023-cü il oktyabrın 7-də öldürdüyünüz, zorladığınız və divan tutduğunuz 50-dən çox insanın cəsədini saxlayırsınız. Qorxaqlar kimi hardasa tuneldə oturursunuz, sonra da mətbuatda oxuyursunuz və ya eşidirsiniz ki, bütün bu ölkələrin hamısı sizin tərəfinizi tutur. Axı HƏMAS tərəfi Fələstin dövlətçiliyinin tərəfdarıdır. Odur ki, siz bu mükafatı yaradırsınız”, - deyə Rubio əlavə edib.
Bununla belə, o, xatırladıb ki, məhz HƏMAS atəşkəsə razılaşmır. Bu kontekstdə o, Böyük Britaniyanın İsrailin atəşkəsə razı olmadığı təqdirdə Fələstini tanımaq niyyəti ilə bağlı bəyanatını tənqid edib.
“Mən HƏMAS-ın yerində olsaydım, deyərdim: bilirsiniz nə var, gəlin atəşkəslə razılaşmayaq. Əgər HƏMAS atəşkəsə razılaşmaqdan imtina edərsə, bu, sentyabrda bütün bu ölkələrin Fələstin dövlətini tanıyacağına zəmanət verir. Ona görə də onlar atəşkəsə razı olmayacaqlar”, - deyə Rubio əmin edib.
O, hesab edir ki, bir çox ölkələrin Fələstini tanımaq qərarına daxili siyasət səbəb olub: “Amma onlar, əslində, işə zərər verirlər. Onlar kömək etmirlər, çünki onların bəyanatı indi dünyada atəşkəslə razılaşmamaq və bu girovları azad etməmək üçün bütün əsasları olan HƏMAS-ı həvəsləndirmək və mükafatlandırmaqdan başqa heç nəyi dəyişməyəcək”, - deyə Rubio yekunlaşdırıb.
Xatırladaq ki, bu həftə15 ölkənin xarici işlər nazirləri sentyabrda BMT Baş Assambleyasında Fələstin dövlətinin tanınmasına çağıran birgə bəyannamə imzalayıblar. Onların arasında G7-də təmsil olunan Fransa və Kanada da var.
Xatirə SADİQ