İtaliyanın xarici işlər nazirinə mini ətək "geyindirdilər" – Sözləri BAŞINA İŞ AÇDI + FOTOLAR
İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajaninin qadınların geyimi və ətək uzunluğu ilə bağlı açıqlaması ölkədə etirazlara səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, siyasi tədbirlərdən birində çıxış edən Tajani səsvermə seçimlərini qadın və evlilik üzərindən bənzətmə ilə izah edib. O daha ciddi qadınların daha uzun ətək geyindiyini və daha az diqqətçəkən qadının daha etibarlı həyat yoldaşı ola biləcəyini bildirib.
Nazirin sözləri sosial şəbəkələrdə etirazlara səbəb olub. İstifadəçilər A.Tajaniyə süni intellektlə mini ətək və müxtəlif qadın geyimləri geyindirdikləri şəkillər paylaşmağa başlayıblar. Həmin şəkillər qısa müddətdə sosial şəbəkələrdə yayılıb.
Müxalifət partiyalarının qadın siyasətçiləri də etiraz aksiyasına qoşulublar. Onlar qadınların geyiminin etibarlılıq, sədaqət və ya analıq keyfiyyətlərinin göstəricisi kimi təqdim edilməsinə etiraz olaraq ətək geyindikləri fotoları sosial şəbəkələrdə paylaşıblar.
Müxalifətdəki “Italia Viva” partiyasının qadın senatorları isə etirazlarını parlamentə daşıyıblar. Onlar ətək geyinərək Senatda foto çəkdirib və qadınların geyim seçimlərinin kişilər tərəfindən müəyyənləşdirilməsinə qarşı olduqlarını bildiriblər.
İtaliyanın keçmiş Baş naziri Matteo Renzi də Tajaninin süni intellektlə hazırlanmış mini ətəkli görüntülərini paylaşaraq nazirin dövlət xadimindən daha çox sosial şəbəkələrin zarafat mövzusu olduğunu bildirib.
Mübahisəyə Katolik Kilsəsinin nümayəndələri də münasibət bildiriblər. İtaliya Yepiskoplar Konfransının baş katibi Cüzeppe Baturi qadınlarla bağlı ifadələrin hörmət və heyranlıq üzərində qurulmalı olduğunu vurğulayıb.
İtaliyanın Baş naziri Ciorcia Meloni isə hökumət üzvünün ifadələrinin düzgün seçilmədiyini bildirsə də, məsələnin həddindən artıq böyüdülməməli olduğunu deyib.
Artan tənqidlərdən sonra Antonio Tajani açıqlama verərək üzr istəyib. O, sözlərinin qadınları incitmək məqsədi daşımadığını və ifadələrinin yanlış başa düşüldüyünü bildirib.
Banu