Netanyahunun 6 barmağı var? - Dünyanın danışdığı həmin VİDEONUN ƏSLİ
On beş gündür davam edən ABŞ, İsrail - İran müharibəsi böyük dağıntılar, tərəflərin əvvəllər müharibələrdə istifadə olunmamış hərbi texnikalarının istifadəsi ilə yanaşı informasiya müharibəsi ilə də yadda qalır.
SAVASHMEDİA.az xəbər verir ki, İranın yeni Ali Rəhbəri Müctəba Xameneyinin əvvəlcə öldüyü, sonra ağır yaralı olduğuna dair iddialar yayıldı.
İsrail və ABŞ rəsmiləri də çıxışlarında Müctəba Xameneinin ağır yaralı olduğunu bildirdilər. İran tərəfi isə əvvəllər susmasına baxmayaraq, sonradan rəsmi olaraq M.Xameneinin yaralandığını, lakin vəziyyətinin yaxşı olduğunu bəyan etdi.
İran mənbələri isə bir müddətdir İsrailin Baş naziri Benyamin Netanyahunun hücumlardan birində Kesariyadakı evində qardaşı ilə birgə həlak olduğunu yazdılar. İran Netanyahunun öldüyünü iddia edərkən onun sosial şəbəkələrində günlərdir paylaşım edilməməsini və Kesariyadakı evinin böyük hücuma məruz qaldığını əsas gətirdi. Lakin sonra Netanyahunun ağır yaralı olduğunu, qardaşının isə həyatını itirdiyini bildirdilər.
Bu iddialardan sonra İsrail mətbuatında Netanyahunun açıqlaması yayıldı. Lakin bu, “Netanyahu ölüb?” iddiasının üstündən xətt çəkə bilmədi. Ta ki, Baş nazirin ötən gün keçirdiyi mətbuat konfransına qədər... İsrail Hökumətinin rəsmi yuyub kanalı (Israeli Government Press Office / IsraeliPM) Netanyahunun 37 dəqiqə 51 saniyə davam edən mətbuat konfransını canlı yayımladı.
Mətbuat konfransının videosundan kəsilərək sosial şəbəkələrdə yayılmış bir hissə “Netanyahu ölüb” iddiasını yenidən aktuallaşdırdı. Buna əsas olaraq da “Netanyahunun 6 barmağı var, video real deyil, süni intellektlə hazırlanıb” fikri ortaya atıldı. Hətta Britaniya parlamentinin sabiq deputatı Corc Qolluey də (anti-İsrail mövqeyi ilə seçilir və Fələstin üçün fəal dəstək kampaniyası yürüdüb) Netanyahunun sağ olduğundan şübhə duyduğunu və videonun süni intellekt olduğuna işarə edərək “Netanyahunun 6 barmağı var?” yazdı.
Videoda Netanyahunun həqiqətənmi 6 barmağı var?
Əslində süni intellektlə hazırlanmış videolarda texnologiyanın əl və barmaq anatomiyasını düzgün qura bilməməsinə dair nümunələr çoxdur. Ancaq sözügedən videonun İsrail Hökumətinin rəsmi yutub kanalındakı əslinə baxdıqda Netanyahunun sağ əlində 6 yox, 5 barmağın olduğu aydın görünür. Videoya diqqətlə baxdıqda məlum olur ki, 6-cı barmaq illuziyasını yaradan işığın effekti ilə Baş nazirin əlində yaranan parlaq hissələrdir (ağ ləkələr). Bu parlaqlıq işığın düşdüyü bucaqlardan asılı olaraq Netanyahunun hər iki əlinin içində, barmaqlarının üstündə, buxaq hissəsində və alnında da görünür. Orijinal videoda bunu ayırd etmək heç də çətin deyil.
Digər sadə bir üsul isə videonu yavaşladaraq izləməkdir. Bu zaman da Netanyahunun 6-cı barmağını yox, çeçelə barmağın bükülərək ovuç içinə doğru qatlandığı anda ovucun kənarında (ətli hissə) parlaq hissəni aydın görmək mümkün olur.
6-cı barmaq illuziyasını yaradan səbəblərdən biri də videonun orijinaldan kəsilmiş hissəsində effektin itməsi nəticəsində yaranan əlavə ağ kölgələrdir. “Əl-Cəzirə”, “Haberler.com” və sosial şəbəkələrdə yayılmış videolar isə orijinaldan kəsilərək başqa platformalara yükləndiyi üçün effekt itib və əlavə ağ kölgələr yaranıb.
Qeyd edək ki, Netanyahunun bəzi şəkillərində də ovuc içindəki həmin parlaq hissələri (ağ ləkələr) görmək mümkündür.
Banu
Netanyahunun ovucundakı ləkələr