Orbanın qızı Amerikaya köçdü

Macarıstanın baş naziri Viktor Orbanın qızı Rahel ailəsi ilə birlikdə Amerikaya yollanıb. 

Aug 29, 2025 - 13:50
Orbanın qızı Amerikaya köçdü

SAVASHMEDIA.az xəbər verir ki, bu barədə Macarıstanın Telex nəşri yazıb.
 
Məlumata görə, Rahel Orban okeanın o tayında təhsil almağa hazırlaşır. 

İyulun əvvəlində Rahel Orban “İnstaqram”da Amerika universitetinə qəbul olunduğunu və əri, milyarder sahibkar, BDPST Qrupunun rəhbəri İştvan Tiborç ilə bu qərarın üzərində düşündüklərini xəbər verib. Baş nazirin qızı postunda bildirib ki, on beş ildir ABŞ-yə qayıtmağı planlaşdırır. O, bir vaxtlar Boston Universitetində bir semestr oxuyub. 

Orbanın qızı hesab edir ki, çoxlu imkanlar və “sonradan evə gətirilə biləcək yeni biliklər" görür, məqsədi isə “öyrənmək, təcrübə qazanmaq və onu evə gətirmək”dir.

Müxalifətdə olan “Tisa” partiyasının lideri Peter Madyar “Facebook”da baş nazirin qızının və kürəkəninin xaricə yollandıqlarına diqqəti cəlb edib. 

“Rahel Orban və İştvan Tiborç uşaqları və çoxlu çemodanlarla bu gün saat 16:00-da (Milan hava limanından uçuş) köhnə qitədən yeni dünyaya və azadlıq ölkəsinə yola düşdülər” - deyə Madyar yazıb.

Əsas səhmdarı Orbanın kürəkəni Tiborç olan BDPST Qrupu nəşrin sorğusuna “İştvan Tiborç, Rahel Orban və onların uşaqları Rahel Orbanın universitet təhsili ilə əlaqədar 2025/2026-cı tədris ilini ABŞ-də keçirəcəklər” cavabını verib. 

Baş nazirin qızının ABŞ-yə köçməsi xəbəri Viktor Orbanın siyasi məqsədlərindən biri kimi macar diasporunun Macarıstana qayıtmasını bəyan etməsi fonunda baş verib. 2023-cü ildə Macarıstan hakimiyyəti vətənə qayıtmaq haqqında düşünən xaricdəki macarlar üçün ayrıca portal istifadəyə verib.

Macarıstanda aparılan son sorğulardan biri Viktor Orbanın lideri olduğu “Fides” partiyasının reytinqdə müxalifətdə olan “Tisa”dan geri qaldığını göstərib.

Xatirə SADİQ