"Qarabağ" və "Sabah"ın məşqçiləri CƏRİMƏLƏNDİLƏR - Həmin davaya görə
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
SAVASHMEDİA.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 22 və 23-cü turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
Komitə 22-ci turun "Qarabağ" - "Sabah" oyunundakı qalmaqal və hadisələrlə bağlı qərarlarını da açıqlayıb.
Görüşdə “Sabah”ın məşqçisi Valerio Zuddas rəqib ehtiyat skamyaya qeyri-etik jest etdiyinə görə 7 oyunluq cəzalandırılıb, klubu 15000 manat cərimə edilib.
Qərarda qeyd edilib ki, eyni matçda “Qarabağ”ın məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadə kütləvi davada iştirak etdiyinə görə hər biri 6 oyunluq cəza alıb, Ağdam təmsilçisi ümumən 12 min manat cərimələnib.
Əlavə edək ki, daha əvvəl AFFA İntizam Komitəsi bu məsələyə dair heç bir qərar verməmiş, yalnlz məsələdə mediada gündəmə gətirildikdən sonra komitə qərara yenidən baxılacağını açıqlamışdı.
Bundan başqa komitənin qərarı ilə 23-cü turun “Şamaxı” – “İmişli” oyununda “İmişli”dən 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib. “Zirə” – “Kəpəz” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə təmsilçisi 700 manat cərimə edilib.
“Neftçi” – “Turan Tovuz” görüşündə “Neftçi” azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə klub 15000 manat cərimələnib.
Bu matçda “Neftçi” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Neftçi” 8000 manat cərimə edilib.