“Rusiya daxili işimizə qarışa bilməz” – Ararat Mirzoyan
“Rusiyalı siyasətçilərin və ekspertlərin Ermənistanın daxili işlərinə qarışmaq hüququ yoxdur”.
SAVASHMEDİA.az “Kommersant”a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa diplomatiyasının rəhbəri Kaya Kallasla birgə mətbuat konfransında deyib.
Rusiyalı həmkarı Sergey Lavrovun Erməni Apostol Kilsəsinə (ASK) qarşı qəbuledilməz hücumlar barədə bəyanatını şərh edən erməni nazir qeyd edib ki, rus siyasətçilər ölkəsinə hörmətlə yanaşmalıdır.
“Rusiya məmurları, parlamentariləri və ekspertləri Ermənistanın suverenliyinə böyük hörmətlə yanaşmalı və bir daha heç vaxt bizim daxili işlərimizə qarışmağı özlərinə rəva görməməlidirlər. Ermənistanda hakimiyyətin kilsəyə qarşı mübarizəsi yoxdur”, - erməni nazir diqqətə çatdırıb.
Xatırladaq ki, ki bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, kilsə və Ermənistan hökuməti arasında münaqişə ölkənin daxili işi olsa da, əsassız “kanonik, min illik erməni apostol kilsəsinə edilən hücumlar ciddi narahatlıq doğurur”. Nazirin sözlərinə görə, bu məsələ KTMT Xarici İşlər Nazirləri Şurasının Qırğızıstanda keçirilən iclasında da müzakirə olunub, amma Ararat Mirzoyan görüşdə iştirak etməyib.
Ötən həftədən etibarən Ermənistanda erməni din xadimləri ilə bağlı araşdırmalar və həbslər başlayıb. Baş nazir Nikol Paşinyan respublikada “kriminal oliqarx ruhanilərin hakimiyyəti ələ keçirmək planının” qarşısı alındığını bildirib. Bu iş üzrə həbs olunanlar arasında kilsənin müdafiəsi üçün çıxış edən və “Taşir” şirkətlər qrupuna rəhbərlik edən erməni əsilli rusiyalı biznesmen, Kremlə yaxınlığı ilə tanınan Samvel Karapetyan da var.
Xatirə SADİQ