Rusiya vətəndaşı İrəvana deportasiya olundu
Tiflisdə Avrointeqrasiya prosesinin dayandırılmasına qarşı keçirilən etiraz aksiyasında saxlanılan Mixail adlı Rusiya vətəndaşı İrəvana deportasiya olunub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Insider” məlumat yayıb.
Gürcüstanda yaşadığını və işlədiyini deyən Mixailin sözlərinə görə, noyabrın 30-na keçən gecə saxlanılıb. Bu, onun öz layihəsi üçün jurnalistlərin yanında olduğu və aksiyaları smartfonla lentə aldığı vaxt baş verib.
“Mixailin danışdıqlarına görə, polis hər yeni məhbusu təpikləyirdi və həbsxana maşınına daha yaxın olanlar da buna məruz qalırdılar. Bu, təxminən iki-üç saat davam edib. Eyni zamanda, onun sözlərinə görə, Mixailin rusca danışdığını eşidən polis onunla daha qəddar davranmağa başlayıb”, - nəşr yazır.
O, bildirib ki, polis bölməsində saxlanılan şəxslərə hüquqları izah edilməyib, yaxınlarına və ya vəkilinə zəng etmək imkanı yaradılmayıb. Mixaildən isə üstündə olmayan pasport istənilib. Polis sənədlərdə rusiyalının ümumiyyətlə pasportunun olmadığını göstərib və bu, sonda deportasiyaya səbəb olub.
Müvəqqəti saxlama təcridxanasında onların barmaq izləri götürülüb və məzmunu izah edilmədən bəzi sənədlərə imza atmağa məcbur ediliblər.
Mixail deyib ki, təcridxanada olduğu müddətdə ona ailəsi ilə əlaqə saxlamağa, duş qəbul etməyə və dişlərini fırçalamağa icazə verilməyib. Amma onu vəkili və Gürcüstan Ombudsman Aparatının nümayəndəsi ziyarət edib.
Dekabrın 2-nə keçən gecə heç nə izah edilmədən Mixail miqrasiya xidmətinə aparılıb. Həmin gün polis əməkdaşları saxlanılan şəxsin evinə gələrək pasportunu götürüblər. Bundan sonra o, İrəvanla sərhədə aparılıb. Gürcüstan sərhədini keçdikdən sonra onun telefonu özünə qaytarılıb.
Mixail Gürcüstana qayıtmağa çalışsa da, gürcü sərhədçiləri onu buraxmayıblar. İndi o, İrəvandadır.
Xatirə SADİQ