Şimali Koreyadan Rusiyaya GİZLİ İŞÇİ axını - Guya tələbədirlər, amma...
Şimali Koreyanın xaricə göndərdiyi işçilərlə bağlı yeni məlumatlar açıqlanıb.
SAVASHMEDIA.az xəbər verir ki, Multilateral Sanctions Monitoring Team-in (MSMT) yeni hesabatında Şimali Koreyanın 17-dən çox ölkədə on minlərlə vətəndaşını işlətməyə davam etdiyi bildirilib.
Hesabata görə, xaricdə çalışan Şimali Koreya vətəndaşlarının ümumi sayı 35 600 ilə 101 280 arasında qiymətləndirilir. Onların böyük hissəsi Rusiya və Çindədir.
Rusiyada 2025-ci ilin sonuna 15-30 minə yaxın Şimali Koreya vətəndaşının işlədiyi bildirilir. Hesabatda onların bir qisminin Rusiyadakı hərbi dron istehsalı müəssisələrində çalışdığı qeyd olunur.
Rusiyada Şimali Koreya işçilərini gizlətmək üçün tələbə vizalarından istifadə edilən sxem də yaradılıb. Xüsusilə Tatarıstandakı “Alabuqa” xüsusi iqtisadi zonasında hərbi dron istehsalı ilə bağlı Şimali Koreya işçilərinin fəaliyyəti barədə ayrıca məlumatlar var.
MSMT hesab edir ki, Şimali Koreyanın xaricdəki işçiləri 2025-ci ildə ölkəyə 450-800 milyon dollar arasında gəlir gətirib. Hesabatda bu vəsaitin böyük hissəsinin Pxenyan tərəfindən mənimsənildiyi və işçilərin qazancının 80-90 faizinin götürüldüyü bildirilir.
Səlcuq