Starmerlə Makronun arasına Tramp girdi - Gərginliyin səbəbi nədir?
ABŞ Prezidenti Donald Trampa fərqli yanaşmalara görə Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında gərginlik artır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Nəşr qeyd edib ki, Kir Starmer Böyük Britaniyanın Baş naziri olduqdan sonra Fransa ilə Böyük Britaniya arasında münasibətlər xeyli yaxşılaşıb. Bunu Emmanuel Makronun Londona gözlənilən səfəri də sübut edir, çünki, bu, 2008-ci ildə Nikola Sarkozidən sonra Fransa liderinin Britaniyaya ilk tam dövlət səfəri olacaq.
Lakin münasibətlərin istiləşməsinə baxmayaraq, Paris və London arasında “müvəqqəti gərginlik” yaranıb. Səbəb ABŞ Prezidenti Donald Trampla qarşılıqlı əlaqəyə müxtəlif yanaşmalardır.
Makronun açıq şəkildə Trampa meydan oxumağa hazır olduğu vaxtda Starmer Vaşinqtonla münasibətlərdə böyük ehtiyatlılıq nümayiş etdirir.
Nəşr buna nümunə olaraq Fransa prezidentinin Qrenlandiyaya son səfərini göstərir. Mənbələrin sözlərinə görə, Makron bundan başqa, ABŞ-nin Britaniya mallarına tariflərin endirilməsi haqqında Böyük Britaniya-ABŞ ticarət razılaşmasından narazıdır. Bu isə Fransanın bütün Avropa İttifaqına (Aİ) tətbiq olunan sanksiyalardan əziyyət çəkməyə davam etdiyi vaxta təsadüf edir. Makron və Starmer arasında daha ciddi narahatlıq isə Ukraynada atəşkəs müzakirələri ilə əlaqədardır.
İki fransız məmuru etiraf edib ki, “istəklilərin koalisiyası” çərçivəsində dəqiq istiqamət yoxdur. Onlar iddia edirlər ki, problemin biri ABŞ tərəfindən indiyədək gerçəkləşdirilməyən təhlükəsizlik təminatlarına Londonun həddindən artıq arxayın olmasıdır. Britaniyada isə hesab edirlər ki, prezidentlik müddəti sona yaxınlaşdıqca Makron beynəlxalq imici və varisi üzərində daha çox fikrini cəmləşdirir.
Bununla belə, hər iki ölkənin müttəfiqləri qeyd edirlər ki, Makron və Starmer arasında həqiqətən dostluq münasibətləri qurulub. Mənbənin sözlərinə görə, onların fərqli üslubları var, lakin oxşar düşüncə tərzi var.
Xatirə SADİQ