Tramp İlham Əliyevin sözlərini təkrarladı - "Heç vaxt..."
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin ukraynalılara ünvanladığı tövsiyəni təkrarlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu, onun Yaxın Şərqə gedən "Air Force One" təyyarəsində jurnalistlərlə ünsiyyəti zamanı baş verib.
İsrail və HƏMAS arasında sülh danışıqları təcrübəsinin Ukrayna kontekstində tətbiqinin mümkünlüyü barədə suala cavabında Tramp əzmkarlığın vacib olduğuna diqqət çəkib.
“Düşünürəm ki, heç vaxt təslim olmamalısan. Sadəcə heç vaxt təslim olmayın”, - Tramp vurğulayıb.
Ukraynalıları çox yaxşı döyüşçülər adlandıran Tramp bildirib ki, bu məsələni həll edəcəyi təqdirdə Putin çox gözəl görünəcək.
“Əgər o, bunu etməsə, bu, onun üçün pis nəticələnəcək”, - Tramp rusiyalı həmkarına xəbərdarlıq edib.
Xatırladaq ki, tanınmış ukraynalı jurnalist Dmitri Qordonun III Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı “Biz Ukraynada sizin rəhbərliyiniz altında öz torpaqlarınızın işğaldan azad edilməsini maraqla izləmişdik. Bu, bizi ruhlandıran bir nümunədir. Ukraynalılar sizə minnətdardır. Çünki siz dəfələrlə açıq şəkildə Ukraynanın dövlət suverenliyinə və müstəqilliyinə dəstəyinizi bəyan etmisiniz. Biz bunu unutmarıq. Uzun illərdir biz müharibə şəraitində yaşayırıq. Hazırda Ukrayna dövlətinin mövcudluğu sual altındadır. Siz qalib ölkənin rəhbəri kimi Ukraynaya nə məsləhət görərsiniz?” sualına dövlət başçısının cavabı bütün dünyada geniş rezonans doğurmuşdu.
“Heç vaxt işğalla barışmayın. Biz sırf bunu etmişik”, - İlham Əliyev tövsiyə etmişdi.
Qeyd edək ki, İlham Əliyevin ukraynalılara bu mənəvi dəstəyi elə bir dövrdə baş verirdi ki, Trampdan tutmuş bəzi avropalı liderlərə qədər hər kəs Zelenskiyə Rusiya ilə torpaq mübadiləsinə razılaşmağı məsləhət görürdü. İlham Əliyevin həmin tövsiyəsindən cəmi 3 ay keçib. ABŞ kimi qüdrətli dövlətin başçısının da Azərbaycan prezidentinin sözlərini təkrarlaması ölkəmiz adına xoş göstəricidir.
Xatirə SADİQ