Ukraynalı hərbçilərinın başının kəsilməsi əmrini Şota Karapetyan verib

Donetsk vilayətində ukraynalı hərbi əsirlərin qətlində əli olan daha iki rusiyalı hərbi cinayətkar müəyyənləşdirilib.

Apr 30, 2025 - 16:57
Ukraynalı hərbçilərinın başının kəsilməsi əmrini Şota Karapetyan verib

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və Donetsk Vilayət Prokurorluğu məlumat yayıb.

Məlumatda deyilir ki, həlak olmuş ukraynalı hərbçilər barədə “diri qoymayın”, ölən “başlarını kəsin”, “kəsilmiş başları dirəklərə oturdun və onları Ukrayna bayraqlarının yerinə çəpər kimi bağlayın” əmrləri 2024-cü ildə Staromayorska hücum zamanı məhz “Yustas” və “Sber” çağırış siqnallı rusiyalı bölmə komandirləri tərəfindən verilib. Bundan əlavə, “dünyanın ikinci ordusu”nun nümayəndələri həlak olanları qarət etməyi, pulları, qızılları götürməyi, şevronları qoparmağı tələb ediblər.

UTX qeyd edib ki, söhbət Rusiya Federasiyasının 5-ci Əlahiddə Ümumqoşun Ordusunun 127-ci motoatıcı diviziyasının 394-cü motoatıcı alayının 1-ci motoatıcı taborunun komandir müavini Şota Karapetyandan (“Yustas”) və həmin hərbi hissəsinin 394-cü motoatıcı alayının “Fırtına” dəstəsinin hücum rotasının komandiri Dmitri Çixabaxdan (“Sber”) gedir.

İstintaqın məlumatına görə, onlar 2024-cü il iyunun 17-də tabeliyində olan şəxslərə ukraynalı hərbi əsiri güllələməyi, sonra onun başını kəsərək məhv edilmiş zirehli maşının kapotuna qoymağı əmr ediblər.

Hərbi əks-kəşfiyyatın və UTX-nin müstəntiqlərinin materialları əsasında Çixabax və Karapetyan Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 1-ci hissəsi (müharibə qanunlarını və adətlərini pozma) ilə şübhəli bilinərək qiyabi məlumatlandırılıblar.

Hazırda hər iki hərbi cinayətkarın tapılaraq cəzalandırılması istiqamətində kompleks tədbirlər davam etdirilir. 

Donetsk vilayət prokurorluğunun rəhbəri Pavlo Uqrovetski bildirib ki, Ukrayna torpaqlarında hərbi cinayətkarların vəhşi əməllərinin sənədləşdirilməsi davam edir: “Dünya düşmənimizin kim olduğunu və onun hansı qəddarlığa qadir olduğunu görməlidir”

Xatirə SADİQ