Zelenskinin "Bakıda danışaq" təklifi ciddiləşir - Rusiya razılaşdı + AÇIQLAMA
Rusiya ABŞ və Ukrayna ilə mümkün üçtərəfli danışıqların Azərbaycanda keçirilməsinə qarşı çıxmayacağını bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin birinci müavini Vladimir Cabarov deyib.
O, açıqlamasında Bakını belə görüşlər üçün “normal və etibarlı yer” adlandırıb. Vladimir Cabarov həmçinin Moskva ilə Bakı arasında mövcud olan yaxşı münasibətləri xüsusi vurğulayıb.
Cabarov qeyd edib ki, əgər Azərbaycan tərəfi danışıqlarda iştirak edən bütün tərəflərin təhlükəsizliyini təmin etməyə hazır olarsa, Rusiya nümayəndə heyətinin Bakıya səfəri mümkündür.
“Əgər Azərbaycan bütün iştirakçıların təhlükəsizliyini təmin etməyə hazırdırsa, hesab edirəm ki, danışıqlar qrupunun üzvləri rahat şəkildə Azərbaycana gedə bilərlər”, - o bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən birgə mətbuat konfransında Rusiya–Ukrayna danışıqlarının Azərbaycanda təşkil olunmasını təklif edib.
Oğuz