ABŞ daha bir siyasi məhbusu azad etdirə bildi - Belarusda

“ABŞ prezidentinin rəhbərliyi sayəsində Belarus daha bir qeyri-qanuni həbs edilmiş ABŞ vətəndaşını azad edib”. 

May 1, 2025 - 17:22
ABŞ daha bir siyasi məhbusu azad etdirə bildi - Belarusda

SAVASHMEDİA.az “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsində bildirib.

CNN aydınlaşdırıb ki, söhbət belaruslu müxalifət fəalı, Belarus və ABŞ vətəndaşı Yuri Zenkoviçdən gedir.

“Mən bu günün gələcəyini bilirdim. 1480 gün keçdi, amma o, sağ qaldı və artıq Amerikadakı evimizə, mənim yanıma gəlir”, - deyə “Azadlıq Radiosu”nun Belarus xidməti Zenkoviçin həyat yoldaşı Alena Denisovetsdən sitat gətirib.

Belarus siyasətçisi və amerikalı hüquqşünas olan Zenkoviç və “sui-qəsd işi” üzrə digər təqsirləndirilən şəxslər 2021-ci ilin aprelində saxlanılıblar. Belarus hakimiyyətinin iddiasına görə, onlar Aleksandr Lukaşenkoya və onun oğullarına sui-qəsd hazırlayırdılar, həmçinin dövlət çevrilişi etməyi planlaşdırırdılar.

Zenkoviç təqsirləndirilən şəxslərdən yeganə şəxs olmuşdu ki, günahını etiraf edib və sui-qəsdin təşkilatçısı olması ittihamını inkar etməmişdi. O, digər təqsirləndirilən şəxslərdən də üzr istəyib. Nəticədə Zenkoviç 11 il, Feduta və Kastusev isə 10 il rejimli cəzaçəkmə müəssisəsində cəza çəkdilər.

O, qondarma “sui-qəsd işi” üzrə ciddi rejimli həbsxanada 11 il müddətinə cəza çəkməklə azadlıqdan məhrum edilmişdi. Həbsdə olarkən isə Yuri Zenkoviçə əvvəlcə “dövlət məmurunu təhqir etmək” maddəsi, daha sonra isə koloniyanın “idarəsinə tabe olmamaq” maddəsi ilə cinayət işləri açıldığından ona daha iki il 6 ay müddətinə əlavə cəza verilmişdi.

Belarus Xalq Cəbhəsi Partiyasının lideri Qriqori Kastusev və politoloq Aleksandr Feduta isə 10 il müddətinə azadlıqdan məhrum olunmuşdular. Kastusev 2024-cü ilin iyulunda əfv nəticəsində azadlığa çıxıb (o, xərçəng xəstəsidir). Bir neçə xroniki xəstəlikdən də əziyyət çəkən Feduta isə dəmir barmaqlıqlar arxasında qalır.

Xatirə SADİQ