“ABŞ nüvə silahlarını Polşa ərazisində yerləşdirməlidir” – Andjey Duda

Rusiyanın gələcək təcavüzünə qarşı çəkindirici vasitə kimi Polşa prezidenti Andjey Duda Vaşinqtonu ölkəsinin ərazisində öz nüvə silahını yerləşdirməyə çağırıb.

Mar 13, 2025 - 12:12
“ABŞ nüvə silahlarını Polşa ərazisində yerləşdirməlidir” – Andjey Duda

SAVASHMEDİA.az xəbər verir ki Duda bu barədə “Financial Times” nəşrinə müsahibəsində bildirib.

Polşa lideri bildirib ki, bu yaxınlarda ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla bu təklifi müzakirə edib. Onun sözlərinə görə, prezident Donald Trampın Qərbi Avropa və ya ABŞ-də yerləşdirilmiş Amerika nüvə başlıqlarını Polşaya köçürə biləcəyi açıq-aşkardır. 

“NATO-nun sərhədləri 1999-cu ildə şərqə doğru hərəkət edib, ona görə də 26 ildən sonra NATO-nun infrastrukturu da şərqə doğru hərəkət etməlidir. Mənim üçün bu, açıq-aydındır", - deyə Duda əlavə edib.

Polşa prezidenti hesab edir ki, məsələ təkcə vaxtın gəlməsində deyil, həm də bu silahlar artıq burada olsaydı, daha təhlükəsiz olardı.

Duda onu da qeyd edib ki, nüvə silahlarının paylaşılması layihəsini canlandırmağa ümid edir. O, bu layihəni 2022-ci ildə keçmiş prezident Co Bayden administrasiyasına  təqdim etmişdi. 

Duda deyib ki, Amerika nüvə silahlarını harada yerləşdirməyə Tramp qərar verməlidir, eyni zamanda Vladimir Putinin taktiki nüvə silahlarını Belarusa köçürmək qərarını xatırladıb.

“Rusiya nüvə silahlarını Belarusa daşıyanda belə tərəddüd etmədi. Onlar heç kimdən icazə istəmədilər", - deyə Polşa prezidenti diqqətə çatdırıb. 

Xatirə SADİQ