Ağalar Vəliyev evsizləri necə “ağladır” – “Kristal Abşeron” rüsvayçılığı

Keyfiyyətsiz və plansız tikinti, qiymətlərin fantastik bahalılığı, təklif edilən mənzillərin sahəsi ilə bağlı vətəndaşların aldadılması tikinti sektorundakı çoxsaylı problemlərin yalnız cüzi hissəsidir.  

Nov 23, 2024 - 13:16
Nov 23, 2024 - 13:25
Ağalar Vəliyev evsizləri necə “ağladır” – “Kristal Abşeron” rüsvayçılığı

Ölkədəki ciddi evsizlik problemi bəzi işbazların qazanc mənbəyinə çevrilib. Tikinti sektorunda öz işini məsuliyyətlə görən barmaqla sayılacaq qədər nüfuzlu şirkətlərin mövcudluğu danılmazdır. Amma bu, sözügedən sektordakı xaosun qarşısını alacaq gücdə deyil.

Keyfiyyətsiz və plansız tikinti, qiymətlərin fantastik bahalılığı, təklif edilən mənzillərin sahəsi ilə bağlı vətəndaşların aldadılması tikinti sektorundakı çoxsaylı problemlərin yalnız cüzi hissəsidir.  

Narazılığın daha çox olduğu şirkətlərin başında isə “Kristal Abşeron” gəlir və bu, təsadüfi deyil. Sektorda inhisarçı mövqeyə yiyələnmiş “Kristal Abşeron”-un təklif etdiyi mənzillər ölkənin əmlak bazarındakı real qiymətlərdən dəfələrlə bahadır. Şirkətin şəhər mərkəzindən kənarlarda vətəndaşlara təklif etdiyi 70 kvadratlıq mənzillərin ümumi qiyməti təxminən 250.000 manat civarındadır.

Məsələn, şirkət feysbuk səhifəsində reklama çıxardığı elanda “Əcəmi 3 layihəsi”ndə 3 otaqlı 75.2 kv.m mənzili ilkin ödəniş 27824 AZN, 20 illik aylıq ödənişi 1074 AZN-ə təklif edir. Bu isə ümumilikdə 285 min manatdan artıq edir. Şirkətin təklif etdiyi bu qiymətlərə isə vətəndaşlar haqlı olaraq etiraz edirlər. Sözügedən paylaşıma rəy yazan istifadəçinin yazdığı rəy isə şirkətin ümumi fəaliyyətinə verilən doğru qiymətdir:

“70 kv.m lik mənzilin 1 kv.m qiyməti təqribən 4000 manata başa gəlir, özü də Əcəmidə. Şəhərin mərkəzində Dəniz panaramalı mənzilin qiymətindən də baha. Bu qədər fantastik rəqəmlərin səbəbini necə izah edə bilərsiniz?”.

Qeyd edək ki, yerli mediada yazılanlara görə “Kristal Abşeron” şirkəti Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur. Ağalar Vəliyev eyni zamanda “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir. A.Vəliyevi ictimaiyyət millət vəkilindən daha çox iş adamı və “Azəraqrartikinti” ASC-nin rəhbəri kimi tanıyır. Mətbuatın monitorinqi göstərir ki, Ağalar Vəliyevi də Milli Məclisin ən qalmaqallı və qanunverici orqana nüfuz gətirməyən deputatlarından biri hesab etmək olar.

Ağalar Vəliyev mandatı susmaq üçün alıb?

Deputat Ağalar Vəliyev son illər ərzində Milli Məclisin neçə iclasında iştirakı və hansı mövzularla bağlı çıxış etməsi qaranlıqdır. Lakin bizi maraqlandıran məsələlərdən bəzilərinə parlamentimizin stenoqramlarından cavab tapa bilmişik. Yəni, “Azəraqrartikinti” ASC sədrinin parlament müzakirələrində iştirakının statistikasını müəyyənləşdirə bilmişik. Milli Məclisin iclaslarında demək olar ki, danışmayan millət vəkilinin sessiya və iclaslarda iştirakının nə mənası var?

“Azəraqrartikinti” ASC-nin rəhbəri və onun kimi danişmayan biznesmen deputatlar öz rəhbərliyindəki qurumun işləri ilə məşğul olsa daha yaxşı olmazmı? Bu gün “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin görüləsi o qədər işləri var ki…

Milli Məclisin deputatı Ağalar Vəliyev IV çağırış MM-in 2010-2015-ci illər ərzində keçirilən ümumilikdə 103 iclasından yalnız 2-də danışıb. Dördüncü çağırış MM-in 23 dekabr 2011-ci il tarixli IV sessiyasında Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında müzakirələrdə çıxış edib. Deputat 2-ci çıxışını 12 iyun 2012-ci il tarixli VI növbədənkənar sessiyada Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuş) müzakirələrə qatılarkən irad bildirib. Bundan tam 5 il sonra 2016-cı il dekabrın 7-də biznesmen deputat bir daha “şeytanın qılçını sındıraraq” Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2017-cı ilin dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsində çıxış edib.

Millətin, yoxsa biznesin vəkili?

Qazancı danışmaqdan üstün tutan Ağalar Vəliyev gerçəkdən oliqarx imici formalaşdırmağa nail olub. Görünür, bunun nəticəsidir ki, özünə milyonlarla manat dəyərində möhtəşəm və dünyada analoqu olmayan saray kompleksi ucaltmağı bacarıb.

Bütün yuxarıda sadalananlar o nəticəyə əsas vermir ki, A.Vəliyevin siyasi savadı və natiqlik qabilliyyəti çıxış etməyə imkan vermir. Əsla belə deyil. Məsələ burasındadır ki, biznesmen deputatımızın qalmaqallı çıxışları haqda da ilginc iddialar var. Bununla bağlı mediada yer alan və deputatın özü tərəfindən rəsmən təkzib olunmayan məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “MTN İşi” ilə bağlı prosesə diqqət edəndə Eldar Mahmudovun və dəstəsinin iş adamları, məmurlarla yanaşı hətta Milli Məclis üzvlərini belə şantaj edərək, onların pulunu almaları faktı üzə çıxmaqdadır. Belə deputatlardan biri də iş adamı kimi tanınan Ağalar Vəliyev olub. “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini tutan, həmçinin, Bakının bir çox məkanlarındakı “Kristal Abşeron” adlandırılan yaşayış binalarını inşa etdirən Ağalar Vəliyev MTN-nin “toruna” 2013-cü ildə düşüb.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Ağalar Vəliyev MTN tərəfindən özünün səsyazı ilə “vurulub”. Belə ki, yaxın ətrafı ilə bir məclisdə hökumətin sahibkarlara olan münasibətindən gileylənən iş adamının səsi yazılıb. Həmin səs yazısında Ağalar Vəliyev sətiraltı ifadələrlə bir sıra tənqidlər səsləndirib. Onu MTN-nə dəvət edərək, həmin səsyazısı qarşısına qoyulub və ittiham irəli sürülüb. Bu fakt qarşısında təslim olan deputatın 1 milyon pulu əlindən alınıb. Bundan başqa “Kristal Abşeron” yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt yeri və mənzil də MTN rəhbərliyinə “hədiyyə” edilib. Araşdırmamız zamanı Ağalar Vəliyevin MTN-dən zərərçəkən statusu ilə bağlı prokurorluğa şikayət etmədiyi də bəlli olub. Görünür, Ağalar Vəliyev özünün “siyasi səhvi” səbəbindən “ilişdiyindən” bu məsələnin arxasınca getməkdən imtina edib. (cumhuriyyet.net)