Azərbaycanda şagirdlər müəllimi döydü, məktəbə təcili yardım çağırıldı
Gəncədə məktəbdə müəllimlə şagirdlər arasında insident baş verib.
Hadisə şəhərin 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyində qeydə alınıb.
Mübahisə zəminində məktəbin müəllimi xəsarət alıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin IX və X siniflərində oxuyan 2 şagirdlə həmin məktəbin müəllimi, 1985-ci il təvəllüdlü F.Quliyev arasında tənəffüs zamanı mübahisə yaranıb.
Dəhlizdə şagirdlərin uyğunsuz davranışlarını görən müəllim onlara irad bildirib. İradlardan xoşlamayan şagirdlər müəllimə fiziki təzyiq göstəriblər. Xəsarət alan müəllim tibbi yardım üçün müraciət edib.
Məktəb rəhbərliyi məsələyə dərhal müdaxilə edib. Şagirdlərin valideynləri məktəbə dəvət olunub, məktəb psixoloqu şagirdlərlə söhbət aparıb, təhsil müəssisəsinin intizam qaydalarına əməl edilməsinin vacibliyi bir daha onların diqqətinə çatdırılıb.
Hüquq-mühafizə orqanları məsələni araşdırır. (teleqraf)