Bakı-Sumqayıt qatarında gedişhaqqı BİLİNDİ

"Bakı-Xırdalan-Sumqayıt xətti üzərində inşa edilən Dərnəgül dayanacağı sərnişinlərin təhlükəsizliyini və rahatlığını maksimum səviyyədə təmin etmək üçün ən müasir infrastruktur standartlarına və tam inklüzivlik prinsiplərinə uyğun layihələndirilib".

May 8, 2026 - 12:28
Bakı-Sumqayıt qatarında gedişhaqqı BİLİNDİ

SAVASHMEDİA.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib. 

O bildirib ki, dayanacaq ərazisində 2 turniket binası, o cümlədən 2 gözləmə zalı, 4 platforma və 1 piyada keçidi tikilib, abadlıq və yaşıllaşdırma işləri görülüb:

"Sərnişin axınının operativ idarə olunması məqsədilə Bakı istiqaməti üzrə zalda 11, Sumqayıt istiqaməti üzrə zalda 10 turniket, eləcə də hər zalda 1 ədəd olmaqla, fiziki imkanları məhdud şəxslər və uşaq arabası ilə olan valideynlər üçün xüsusi geniş keçidli turniket quraşdırılıb. Həmçinin layihə çərçivəsində Sumqayıt istiqamətində avtomobil və velosiped parkinqi sahələri yaradılıb".

"Bakı-Dərnəgül, Dərnəgül-Biləcəri və Dərnəgül-Xırdalan istiqamətləri üzrə gediş haqqı 0.60 AZN, Dərnəgül-Sumqayıt istiqaməti üzrə isə 1.00 AZN təşkil edəcək. Qatarlar Bakı Dəmiryol Vağzalından Dərnəgül dayanacağına və əks istiqamətə məsafəni 10 dəqiqə, Dərnəgül-Biləcəri və Biləcəri-Dərnəgül üzrə 8 dəqiqə, Dərnəgül-Xırdalan və Xırdalan-Dərnəgül istiqaməti üzrə məsafəni isə 15 dəqiqəyə qət edəcək", - deyə departament rəisi vurğulayıb.