Budapeşt qaza görə Fransanı seçdi

Macarıstan mayeləşdirilmiş təbii qazın alınmasına dair tarixdə ən böyük müqaviləni Fransanın “Engie” şirkəti ilə imzalayıb.

Oct 3, 2025 - 11:51
Budapeşt qaza görə Fransanı seçdi

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir. 

Macarıstanın təbii qaz topdansatış şirkəti “MVM CEEnergy” cümə axşamı 2028-ci ildən 2038-ci ilə qədər “Engie”dən ildə 400 milyon kubmetr qaz almağa razılaşıb. 

“Engie” ilə imzalanma mərasimində xarici işlər naziri Peter Siyarto bildirib ki, bu, Macarıstan tarixində ən uzun LNG tədarükü müqaviləsidir və “ölkənin enerji təhlükəsizliyinin sütununa” çevriləcək.

“Engie” şirkəti Macarıstana nəql olunacaq qazın mənşəyini dəqiqləşdirməyib. LNG-nin avropalı alıcıları və treyderləri adətən portfellərini bir neçə mənbə – ABŞ, Yaxın Şərq, Afrika, Avstraliya və bəzən Rusiya əsasında formalaşdırırlar.

Agentlik qeyd edir ki, bu, Macarıstanın son iki ayda ikinci müqaviləsidir. Bu addımlar Budapeştə tədarükləri diversifikasiya etməyə və Rusiyadan asılılığı azaltmağa kömək edəcək.

Macarıstan ötən ay “Shell” ilə müqavilə imzalayıb və həmin sənədə əsasən, Macarıstan 2026-cı ilin yanvarından etibarən ildə 200 milyon kubmetr qaz alacaq. Bu, tələbatın təxminən 2,5%-ni təşkil edir.

Xatırladaq ki, keçən ay ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, NATO üzrə müttəfiqlərinə Ukraynadakı müharibəyə görə Moskva ilə enerji əlaqələrini kəsmək üçün təzyiqlər çərçivəsində Macarıstanı Rusiya neftini almağı dayandırmağa çağıracaq.

Macarıstanın baş naziri Viktor Orban buna cavab olaraq vurğulamışdı ki, Rusiya enerji daşıyıcılarından imtina Macarıstan iqtisadiyyatı üçün “fəlakət” ola bilər.

Xatirə SADİQ