"Burnunuzdan gəlsin, bəddua edirəm ki, yaxınlarınıza nəsə olsun" - Tahir İmanov 

Əməkdar artist Tahir İmanov jurnalistləri yenidən sərt şəkildə tənqid edib.

May 16, 2026 - 19:48
"Burnunuzdan gəlsin, bəddua edirəm ki, yaxınlarınıza nəsə olsun" - Tahir İmanov 

SAVASHMEDİA.az xəbər verir ki, "Planet Parni iz Baku" kollektivinin bədii rəhbəri bununla bağlı teatrın rəsmi “Instagram” səhifəsində paylaşım edib.

O, mayın 15-də keçirilən konsertdən görüntülər yayan saytlara etiraz edərək bildirib ki, dəfələrlə çəkiliş edilməməsi üçün müraciət olunub:

“Bu konsertlər bizim çörəyimizdir. Xahişimizi nəzərə alanlara təşəkkür edirəm. Amma bəzi saytlar yenə ucuz sensasiya naminə görüntüləri icazəsiz yayıblar. Halallıq olmayan yerdə yaxşılıq da olmaz”.

Tahir İmanov paylaşımında videoları yayanlara sərt sözlər də ünvanlayıb:

“Heç vaxt heç kimə bəddua etməmişəm, amma indi deyirəm ki, burnunuzdan gəlsin. Biz sizə halallıq vermirik. Yaxınlarınıza nəsə olsa, bilin ki, bizim bəddualarımızın nəticəsidir”.

O, həmçinin sayt rəhbərlərini məsuliyyətli olmağa çağıraraq, “bayağı xəbərlərə” son qoyulmasını istəyib.

Qeyd edək ki, mayın 15-də Heydər Əliyev Sarayında mərhum Əməkdar artist Cabir İmanovun xatirəsinə həsr olunmuş “Xalqın artisti” adlı konsert proqramı keçirilib.