Cəlaloğlu Mehdiyev işinə görə DİNDİRİLİB? – “Sərbəst izahat olub, yarım səhifəlik...” + Özü DANIŞDI

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ramiz Mehdiyevlə bağlı cinayət işi çərçivəsində şahid kimi dindirilməsi barədə yayılan məlumatı təkzib edib.

Sep 15, 2026 - 18:39
Cəlaloğlu Mehdiyev işinə görə DİNDİRİLİB? – “Sərbəst izahat olub, yarım səhifəlik...” + Özü DANIŞDI

SAVASHMEDIA.az xəbər verir ki, Cəlaloğlu açıqlamasında məlumatın həqiqətə uyğun olmadığını bildirib.

“O xəbər tamamilə yalandır. Məndən heç bir yerdə Ramiz Mehdiyevlə bağlı nə ifadə, nə də izahat alıblar. Bu məlumatı yayanlar böhtan atırlar”, - deyə o bildirib.

Cəlaloğlu Dövlət Təhlükəsizliyi Xidmətinin bu cür məlumatlara reaksiya verməsinin vacib olduğunu deyib.

“Mənim Ramiz Mehdiyevlə nə əlaqəm var? Onun yaxını deyiləm. Ramiz Mehdiyevin təyin etdiyi deputatlar var, nazirlər var, hüquq-mühafizə orqanlarının adamları var, siyasi partiyalarda Ramiz Mehdiyevin xeyir-duası ilə fəaliyyət göstərən adamlar var. Getsinlər, o adamlardan Ramiz Mehdiyev haqqında izahat, ifadə alsınlar”, - ADP sədri əlavə edib. (TodayPress TV)

Cəlaloğlu həmçinin daha əvvəl Əli Kərimlinin tərəfdarlarının Ramiz Mehdiyev məsələsi ilə bağlı ona qarşı ittihamlar səsləndirdiyini və buna cavab verdiyini bildirib. Onun sözlərinə görə, məhz həmin cavabla bağlı ondan “sərbəst izahat” alınıb. 

“Sərbəst izahat olub, yarım səhifəlik. Dediklərimlə bağlı izahat verdim ki, bəli, belə şeylər olmuşdu. Bunların hamısı qəzetlərdə min dəfə dərc olunub”, - Cəlaloğlu bildirib.

O, bu izahatın Ramiz Mehdiyevin cinayət işi üzrə ifadə olmadığını vurğulayıb.

Qeyd edək ki, “Gününsəsi.info” Sərdar Cəlaloğlunun Ramiz Mehdiyevlə bağlı cinayət işi üzrə istintaq zamanı şahid qismində dindirildiyini yazmışdı. Cəlaloğlu isə bu məlumatı təkzib edib.