Çin Ayın ən soyuq yerinə gedir - Mənfi 203 dərəcədə nə axtarırlar?

Çin Ayın cənub qütbündə yerləşən və milyardlarla ildir günəş işığı görməyən kraterlərdə araşdırma aparmağa hazırlaşır. 

Aug 21, 2026 - 14:57
Çin Ayın ən soyuq yerinə gedir - Mənfi 203 dərəcədə nə axtarırlar?

SAVASHMEDIA.az xəbər verir ki, Çin “Chang’e-7” missiyasını bu ay Long March 5 raketi ilə Aya göndərməyə hazırlaşır. 

Missiyanın əsas hədəfi Ayın cənub qütbündəki daim kölgədə qalan kraterlərdə donmuş su ehtiyatlarını axtarmaqdır.

Bu ərazilərdə temperatur mənfi 203 dərəcəyədək düşə bilir. Günəş işığının milyardlarla il ərzində çatmadığı kraterlərin təbii “dondurucu” rolunu oynadığı və burada qədim su buzunun qorunmuş ola biləcəyi düşünülür.

“Chang’e-7” Ayın səthinə enən aparatla yanaşı, rover və xüsusi “hoppanan” robot da daşıyacaq. Bu robot adi roverlərin çata bilmədiyi qaranlıq və çətin kraterlərə daxil olaraq buz izlərini araşdıracaq.

Bəs Çin niyə Ayda su axtarır?

Çünki su gələcəkdə Ayda uzunmüddətli yaşayış məntəqələrinin yaradılması üçün əsas resurslardan biri ola bilər. Ondan içməli su, oksigen və hətta raket yanacağı istehsalında istifadə etmək mümkündür.

Çinin uzunmüddətli planı isə daha böyükdür: “Chang’e-7” və sonrakı missiyalar Ayın cənub qütbündə gələcək Ay bazası üçün zəmin hazırlamalıdır.

Aytən