Çinin Tramp administrasiyasına cavabı çox gecikmədi

Çinin Ticarət Nazirliyi bu gün Amerika şirkətlərini hədəf alan geniş tədbirlər spektrini açıqlayıb.

Feb 4, 2025 - 13:28
Çinin Tramp administrasiyasına cavabı çox gecikmədi

SAVASHMEDİA.az bu barədə “Reuters”ə istinadən xəbər verir. 

Agentlik yazır ki, bu tədbirlər Çinin bəzi Amerika mallarına, xüsusən də kömür və neftə müvafiq tariflər tətbiq etməsi ilə eyni vaxtda tətbiq edilib. 

Nazirlik elan edib ki, “Calvin Klein” və “Tommy Hilfiger” kimi brendlərə malik olan “PVH Corp”, eləcə də ABŞ-nin biotexnoloji şirkəti “Illumina”nı “etibarsız şirkətlər” siyahısına əlavə edib.

Nazirliyin sözlərinə görə, bu şirkətlər “Çin müəssisələrinə qarşı ayrı-seçkilik tədbirləri həyata keçirib” və “Çin şirkətlərinin qanuni hüquq və maraqlarına zərər vurub”.

Siyahıda yer alan şirkətlər ticarətin dondurulması və əcnəbi işçilərin iş icazələrinin ləğvi də daxil olmaqla, cərimələrə və geniş spektrli digər sanksiyalara məruz qala bilər.

Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət İdarəsi əlahiddə olaraq “Google”un ölkənin antiinhisar qanunlarını pozmaqda şübhəli bilindiyini və müvafiq araşdırmaya başladığını bildirib. 

ABŞ prezidenti Donald Tramp fevralın əvvəlində Kanada, Meksika və Çindən gələn mallara əlavə gömrük rüsumlarının tətbiqi ilə bağlı üç sərəncam imzalayıb. 

Meksika və Kanada rəhbərliyi ilə telefon danışıqlarından sonra Tramp bu rüsumların həmin ölkələrə tətbiqini 30 gün müddətinə ertələyib.
 
Ekspertlər hesab edirlər ki, Çinin bu gün bəzi Amerika mallarına tariflər tətbiq etməsi dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət müharibəsini gücləndirəcək.

Xatirə SADİQ