Demə ki deyilməyib – 3
Mütəxəssislər tövsiyə edirlər ki, Yeni il ərəfəsində evdə təbii küknar, şam ağacı qurmaqdan əvvəl adamlar onu diqqətlə yoxlasınlar – budaqlarda, yarpaqlarda hər hansı həşərat sürfəsi, baraması yoxdurmu.
Dəhşətli fakt: Ohayo ştatında bir ailənin evinə bayram ağacından 200 dəvədəlləyi yayılmışdı.
* Yaxşı yadımdadır, 3-4 milyard il bundan əvvəl Ayda da atmosfer qatı var idi. Özü də kifayət qədər sıx halda.
* XVIII əsrdə İngiltərədə “Ay cəmiyyəti” adlı təşkilat vardı. Onun üzvləri – alim və ixtiraçılar – mütəmadi görüş keçirərdilər. Təhlükəsizlik naminə iclaslar hər ehtimala qarşı Ayın bədrləndiyi günlərə təyin olunurdu. Gecə evə Ay işığında dağılışmaqdan ötrü.
* 11 fevral 1096-cı ildə maymaq Fransa kralı Ayın tutulmasını tanrıdan işarə, mesaj kimi anlayıb, səlibçilərə qoşuldu və müsəlmanları qırmağa yollandı.
Bu, tarixdə ilk səlib yürüşü idi.
* Qırğızıstanda dağ zirvəsi və Qırğızıstan–Rusiya slavyan universiteti alkaş Borisin adını daşıyır.
Qardaşlarımız yağışdan (Lenindən) çıxıb yağmura (Yeltsinə) düşüblər...
* Afrikanın cənubundakı kiçik Botsvana ölkəsində Okavanqo çayının deltası yerləşir. Bu, dünya okeanına axarı olmayan ən böyük çaydır. Okavanqo heç yerə tökülmür. Sadəcə, amansız Kalahari səhrasında yoxa çıxır.
* Berlin divarının süqutuna, dağıdılmasına həsr olunmuş təntənəli konsertdə Bethovenin Doqquzuncu simfoniyasında xor “Freude” – şadlıq sözünün əvəzinə “Freiheit” – azadlıq oxudu. Bu, səhv idimi? Yoxsa məsələyə yenə Freyd qarışmışdı?..
* Platonun (rondarma Əflatunun) sözlərinə görə, Atlantida adasını içi mislə doldurulmuş divarlar əhatə edirdi, akropolun divarları isə görünməmiş orixalk metalı ilə örtülmüşdü. Bu metal od saçan parıltı verirdi.
Bu da Əflatun – yunanların ağıllısı...
* Faşist marşal Konev Kirov oblastının Lodeyno kəndində doğulmuşdu. Müharibədən sonra orada muzey açmaq fikrinə düşürlər və marşala müraciət edirlər ki, şəxsi əşyalarından nə isə göndərsin. Konev qətiyyətlə “Yox!” deyib əlavə etdi: “Axı mən sağam”.
* 2021-ci ildə İlon Mask, demək olar, bütün daşınmaz əmlakını sataraq öz şirkətindən icarəyə götürdüyü 37 kvadratmetrlik konstruktor evdə məskunlaşdı.
* Suca quşu Xəzər dənizindən Çinə qədər böyük yarımsəhra ərazisində yayılıb. Sucanın qəribəliyi ondan ibarətdir ki, ayaqlarının əvəzinə... rusca buna "копыто" deyirlər. “Rusca-azərbaycanca lüğət”də “копыто” “dırnaq” kimi tərcümə edilir və əlavə olunur ki, belə dırnaq “bəzi məməli heyvanlarda”dır. Əgər bilirəmsə suca quşdur, məməli heyvan deyil, “копыто”nu necə tərcümə edim? Eh, dilim, dilim...
* Məşhur səyyah Prjevalski deyirdi ki, Monqolustanda bazara nə isə almağa yollanan şəxs özü ilə ağır kisə daşımalı idi. Kisədə çay kərpici olurdu. Çay yarpaqları dana qanına bulaşdırılır, sobada qurudulur, sıxılıb preslənirdi. Bir kərpicin çəkisi 1,5 kiloqramadək çatırdı. Belə ödəniş vahidindən həmçinin Çində geniş istifadə edirdilər.
Qoca deyiləm, amma preslənmiş çay yadımdadır. Bircə bu yadımda deyil ki, babam Moskvadan alıb gətirmişdi, yoxsa Bakıda da dükanlarda satılıb.
* XX əsrin 20-ci illərində Almaniyada mənzilləri qızdırmaqdan ötrü sobada kağız pul əskinasları da yandırılırdı.
Birinci Dünya müharibəsindən sonra inflyasiya yüksək həddə çatmışdı. Yandırılan məbləğə odun almaq mümkün deyildi.
* Keçmiş dövrdə mütaliəni dayandırdıqda kitabın vərəqləri arasına əlfəcin – xüsusi kağız, lent nişanı qoyurdular. Vərəqi qatlamaq kobudluq əlaməti hesab olunurdu. Amma iki vərəqi zədələmədən şişirdib bir-birinə söykəmək məqbul idi. Buna “eşşək qulaqları” deyirdilər.
A.ƏZİZ