“Dojd” telekanalının baş redaktoru axtarışa verildi - Rusiyada
Rusiya Daxili İşlər Nazirliyi (DİN) Avropada fəaliyyət göstərən “Dojd” telekanalının baş redaktoru Tixon Dzyadko barəsində axtarış elan edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.
Məlum olub ki, DİN-in saytında bu məlumatı “Mediazona” aşkarlayıb. Dzyadkoya qarşı hər hansı cinayət işinin açılması barədə əvvəllər heç bir məlumat verilməyib.
Dzyadko sosial şəbəkələrdə bildirib ki, hansı maddə ilə axtarışa verildiyini bilmir. Onun sözlərinə görə, DİN-in bu qərarı “Dojd”un işinin keyfiyyətinin qiymətləndirilməsi deyil, Rusiyanın repressiv mahiyyətinin təzahürüdür.
Bu ilin fevralında Tixon Dzyadkoya qarşı Moskva məhkəməsində “arzuolunmaz təşkilatda iştirak” maddəsi ilə inzibati protokol tərtib edilib. 2022-ci ildə Ədliyyə Nazirliyi Dzyadkonu “xarici agent” elan edib. 2023-cü ilin iyulunda “xarici agent” işarəsi olmadığı üçün baş redaktor 35 min rubl məbləğində cərimə olunub.
“Dojd” telekanalı 2023-cü ilin iyulunda Rusiyada “arzuolunmaz təşkilat” kimi tanınıb.
Aprelin 28-də məlum olub ki, DİN “Dojd”un jurnalisti Yuliya Taratuta barəsində axtarış elan edib. Onun barəsində “xarici agent” öhdəliklərindən yayındığı üçün cinayət işi açılıb.
Xatirə SADİQ