Emin Mahmudovun dünənki qol jestinin mənası - İmam Əli ilə bağlıdır + İZAH

Ötən gün Azərbaycan millisi DÇ-2026-nin seçmə mərhələsi çərçivəsində Ukrayna yığmasını qəbul edən Azərbaycan ilk xalını qazanıb.

Sep 10, 2025 - 13:26
Sep 10, 2025 - 13:29
Emin Mahmudovun dünənki qol jestinin mənası - İmam Əli ilə bağlıdır + İZAH

Matçda hesabı 51-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Georgi Sudakov açıb. 72-ci dəqiqədə isə Azərbaycan millisinin kapitanı Emin Mahmudov penaltidən fərqlənərək hesabı bərabərləşdirib.

SAVASHMEDİA.az xəbər verir ki, Emin Mahmudovun qol vurduqdan sonra etdiyi jest müzakirələrə səbəb olub.

Məsələ sosial şəbəkələrdə geniş müzakirə olunub və bir çoxları Emini dini anlam daşıyan qol jestinə görə qınayıb.

Bəs, Emin Mahmudovun təqdim etdiyi bu jestin anlamı nədir?

Xatırladaq ki, jest həqiqətən də dini məna daşıyır və "Qədir Xum" hadisəsi ilə bağlıdır.

"Qədir Xum" hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum vadisində baş vermiş məşhur hadisənin adıdır.

Burada Məhəmməd Peyğəmbər müsəlmanlara ünvanladığı xütbədə kürəkəni və əmisi oğlu Əlinin imamlığını elan edib. 

Bu hadisə şiə müsəlmanları üçün müsəlman dünyasının liderliyinə gənc Əlinin haqqını təsdiqləmək baxımından böyük əhəmiyyət kəsb edir. 

Qeyd edək ki, bir müddət eyni jestinə görə müzakirələrə cavab olaraq Emin Mahmudov bunları demişdi: 
"Bu, dinlə bağlıdır. Bu jesti internetdə görmüşdüm və xoşuma gəlmişdi. Ona görə edirəm. Bu jesti edən başqa futbolçular da var".

Oğuz