“Polşaya daxil olan dronlar Belarusdan uçub” - Donald Tusk

Polşaya daxil olan dronların əksəriyyəti Niderlandın F-35 təyyarələri tərəfindən vurulub.

Sep 10, 2025 - 13:44
“Polşaya daxil olan dronlar Belarusdan uçub” - Donald Tusk

SAVASHMEDİA.az bu barədə Rzeczpospolita nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Polşanın hava məkanına təxminən 23 Rusiya dronu daxil olub. Polşaya məxsus F-16 təyyarələrinin bu əməliyyatda iştirak edib-etmədiyinə aydınlıq gətirilməyib. 

Polşanın baş naziri Donald Tusk bildirib ki, ölkəsinin hava məkanı 19 dəfə pozulub və buna görə Belarusu ittiham edib. 

“Sözün ən pis mənasında yeni olan nədir? Bu, dronların hansı istiqamətdən gəlməsidir. İlk dəfə onlar bu müharibədə səhvlər və ya xırda rus təxribatları nəticəsində Ukraynadan gəlməyib. İlk dəfə olaraq dronların əhəmiyyətli sayı birbaşa Belarusdan uçub”, - deyə Polşanın baş naziri vurğulayıb.

Belarus Müdafiə Nazirliyi (MN) iddia edib ki, onlar “Şahed”i vurublar və dronların hərəkətləri barədə polyaklara xəbər veriblər.

Nazirliyin rəsmi açıqlamasında bildirilib ki, Ukrayna ilə Rusiya Federasiyası arasında pilotsuz uçuş aparatlarının (PUA) zərbələr mübadiləsi aparılıb, nəticədə bəzi PUA-lar elektron döyüş sistemlərinin təsirindən istiqamətini itirib. PUA-ların bəziləri guya Belarusun hava hücumundan müdafiəsi tərəfindən vurulub və Belarus gecədən səhərə qədər Polşa və Litva ilə onların hərəkəti haqqında məlumat mübadiləsi aparıb və dronların yaxınlaşması barədə xəbərdarlıq edib.

“Bu, Polşa tərəfinə öz növbətçi qüvvələrini havaya qaldırmaqla pilotsuz uçuş aparatlarının hərəkətlərinə operativ reaksiya verməyə imkan yaradıb. Ədalət naminə qeyd etmək lazımdır ki, Polşa tərəfi Belarusun növbətçi döyüş ekipajlarını Ukrayna ərazisindən Belarus Respublikası sərhədinə naməlum uçuş aparatların yaxınlaşması barədə də məlumat verib”, - deyə Belarus MN bəyan edib.

“Defence Express” xəbər verir ki, Kreml iyul ayından Polşaya dron hücumları hazırlayır. Rusiya dronlarında Polşa SİM kartları artıq aşkar edilib.
 
Nəşrin yazdığına görə, ruslar uzun müddətdir öz PUA-larından kəşfiyyat məlumatlarını ötürmək üçün SİM kartlı 4G modemlərdən istifadə edirlər. Polşa SİM kartları iyulun əvvəlində Ukraynada vurulan Rusiya PUA-larında aşkar edilib və bu barədə Varşavaya xəbərdarlıq edilib.

Xatirə SADİQ