"Facebook" ikinci plana keçdi - Azərbaycanlılar bu platformaya axışır

Azərbaycanda sosial media istifadəçilərinin seçimində kəskin dəyişiklik baş verib. 

Jul 3, 2026 - 22:38
"Facebook" ikinci plana keçdi - Azərbaycanlılar bu platformaya axışır

SAVASHMEDİA.az xəbər verir ki, açıqlanan son statistikaya görə, milyonlarla istifadəçinin üstünlük verdiyi "YouTube" ölkədə sosial media bazarının 73,07 faizini ələ keçirərək rəqiblərini böyük fərqlə geridə qoyub.

"Statcounter"un hesabatına əsasən, iyun ayında "YouTube"un bazar payı may ayı ilə müqayisədə 39,55 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə platformanın payı 52,5 faiz yüksəlib. Bu nəticə "YouTube"un Azərbaycanda son illərin ən böyük sıçrayışlarından birinə imza atdığını göstərir.

Ən diqqətçəkən məqamlardan biri isə "Facebook"un mövqeyini əhəmiyyətli dərəcədə itirməsi olub. Hazırda platformanın bazar payı cəmi 7,43 faizdir. Bu göstərici son iki ay ərzində təxminən dörd dəfə azalıb. "Instagram" 6,92 faizlə üçüncü, "Pinterest" 2,9 faizlə dördüncü, "X" isə 2,55 faizlə beşinci pillədə qərarlaşıb.

Mütəxəssislərin fikrincə, istifadəçilərin getdikcə daha çox video məzmuna üstünlük verməsi, xəbərləri, idman qarşılaşmalarını, podkastları, musiqini və əyləncə kontentini əsasən "YouTube" vasitəsilə izləməsi platformanın sürətli yüksəlişində əsas rol oynayıb. Xüsusilə qısa video formatlarının populyarlaşması bu artımı daha da sürətləndirib.

Qeyd edək ki, statistika kompüter, mobil telefon və planşetlər üzrə sosial media platformalarının istifadə göstəriciləri əsasında hazırlanıb.

Oğuz