Həftəbecər
Moskva yaxınlığındakı Qorki bağında Leninin yanında arvadı Krupskaya, bacısı Olqa və qardaşı Dmitri də yaşayırdılar.
1924-cü ildə Lenin vəfat etdi. Kremldən göstəriş gəldi ki, bağ evi muzeyə çevrildiyinə görə, sakinlər onu tərk etsinlər. Olqa həmən köçüb getdi. Digərləri qaldılar. Stalin tapşırdı onlara toxunulmasın. Krupskaya 1939-cu ildə öldü. Dmitri Ulyanov isə ailəsini də bağrına basıb inadkarlıqla qaldı. 1943-cü ildə oyanlıq olanadək. Çünki bu yanda burjua rahatlığı olan geniş malikanə, gözəl təbiət vardı.
** Zərərliliyə görə süd. Bu cür təzminat ilk dəfə kapitalist Qərbdə ödənilib. Sovet məmləkətində zərərli əmək şəraitinə görə işçilərə süd verilməsinə 1922-ci ildən qədəm qoyuldu. Başlıca olaraq mətbəədə, metaləritmə sənayesində çalışanlara, qazma qurğularının operatorlarına, rentgenoloqlara iş yerində müntəzəm süd payı ayrılırdı. Pulsuz. Fəhlələr ciyərlərinə mis, qurğuşun buxarı kimi zəhər alsalar da, 1-2 litr südə uşaqtək sevinirdilər. İllər, on illər ötdü, qanuni “xeyriyyə”nin miqdarı azaldı. Bir gün tamamilə ləğv olundu. Dedilər ki, bundan sonra pul ödəniləcək. Uşaq pulu kimi. O vaxtdan südü də görən olmayıb, pulu da. Uşaq? Hələ olur...
Təklif edirəm vurulan zərərə görə televiziya tamaşaçılarına pulsuz süd, qatıq, xama və vitamin paylansın. Çox ziyanlı işdir bu verilişlərə baxmaq.
** Yazda parkda, bağda, eyvanda – hər yanda gördüyümüz eşşəkarısının hamısı dişidir. Erkəklər payızın axırında son cinsi vəzifəsini yerinə yetirdikdən sonra qırılır...
** Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərinin hava limanında əsl, təbii cəngəllik sahəsi mövcuddur. Liman inşa edilən zaman onu qoruyub saxlamaq qərara alınmışdı ki, gələcək nəsillər cəngəlliyin nə və necə olduğunu öz gözləri ilə görsünlər...
** Avropalı cavan qadın Afrikanın qərbinə gəmidə səyahət zamanı sahildə 20 dəfə kraliça olmaq təklifi almışdı.
O vaxtadək qara qitə ağ dərili qadın görməmişdi. Əsl görməmişdi! Krallıqlar isə miniatür ölçüdə idi. Adətən, bir kəndin – yaşayış məskəninin – ərazisini əhatə edirdi. Məhz həmin xancıqlar ağ gözələ sahib çıxmaq iştahasına düşmüşdülər...
** Qədim Romada şimşək xəbərdarlıq, cəzalandırma rəmzi hesab olunurdu.
** 1954-cü ildə Texas ştatında qeyri-adi şey – dinozavrın izi həkk olunmuş gil lövhələr almaq mümkün idi...
** Dünya əhalisinin təxminən onda bir hissəsi ekvator xəttindən cənubda yaşadığına görə səmada hər gecə Mikroskop, Pərgar, Kəsici müşahidə edir. Bunlar şimalda görünməyən ulduz bürcləridir.
** Zaqreb şəhərində Boşanma Muzeyi var. 2010-cu ildə xorvatiyalı ərlə arvad ayrılarkən ailənin əmlakını bölməməyi qərara almışdılar. Muzeydə 90 ədəd eksponat nümayiş etdirilir. Daha 1500 əşya muzeyin anbarındadır. Maraqlıdır ki, boşanan başqa vətəndaşlar da öz əmlakından nəyisə qəribə muzeyə hədiyyə göndərirlər.
** Yaponiyada dəlləklər hələ keçmişdə müştərinin dedikləri barədə hakimiyyət nümayəndəsinə məlumat verməli idilər. Söhbət hazırlanan hər hansı cinayətdən gedir.
Bu məsələ bir qədər qaranlıq qalır: doğrudanmı cinayətkarlar o dərəcədə ağzıboş olublar?
** “Mənimçin bənövşəyi rəngdədir”. Bu ifadə tələbə slenqində (jarqonunda) “Mən buna biganəyəm” deməkdir. Məsələ ondadır ki, lakmus kağızı neytral mühitdə bənövşəyi rəng alır.
** Rusiya tarixinin personajı olmuş I Yalançı Dmitri yanında adam gəzdirir və onu öz adı ilə çağırırdı – Qriqori Otrepov.
** 1964-cü ildə İsaak Nyutonun şəxsi gündəliyindəki əlyazmasının şifri açıldıqda məlum oldu ki, dahi alim mümkün günahların qəribə, qeyri-standart siyahısını tuturmuş. Buraya xidmətçilərlə didişmə, fiziki təcavüz, şlyapaya iynə sancmaq (kiminsə başını cızsın deyə) və sairə daxildir.
** Dünya ölkələrinin dörddə üç hissəsinin dövlət bayrağında qırmızı rəng var. İkinci yerdə göy rəng gedir.
** Bioloq Riçard Dekins 1976-cı ildə “Eqoistik gen” kitabında yeni söz, termin yaratdı: mem.
Topladı və şərh etdi: A.ƏZİZ