ICAO buna görə Rusiyanın məsuliyyət daşıdığını elan etdi
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurası 2014-cü ilin iyulunda MH17 reysi olan sərnişin təyyarəsinin vurulmasına görə məsuliyyəti Rusiyanın üzərinə qoyub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Niderlandın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bəyanatda deyilir ki, qərar mayın 12-də ICAO Şurası üzvlərinin səsverməsi ilə qəbul edilib və Şura üzvlərinin əhəmiyyətli əksəriyyəti Niderland və Avstraliyanın mövqeyini dəstəkləyib.
Növbəti addım Rusiyadan kompensasiyanın formasını müəyyənləşdirmək olmalıdır. ICAO öncə Rusiya Federasiyasını Niderland və Avstraliya ilə danışıqlara başlamaq və bu prosesi asanlaşdırmaq məcburiyyətində qoymalıdır.
Niderland XİN hesab edir ki, bu addım danışıqların vicdanla və konkret qrafikə uyğun aparılmasını və real nəticələr verməsini təmin etmək üçün vacibdir
Ukrayna mediası xatırladıb ki, Moskva hələ 2024-cü ilin yayında Beynəlxalq Mülki Aviasiya Təşkilatındakı mübahisədə iştirakını birtərəfli qaydada dayandırdığını elan edib.
Haaqa Rayon Məhkəməsi isə 2022-ci il noyabrın 17-də İqor Girgin, Sergey Dubinski və Leonid Xarçenkonu Donbass üzərində Malayziyaya məxsus MH17 təyyarəsinin vurulmasında rol oynadıqlarına görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib. Haaqa məhkəməsi diqqətə çatdırıb ki, MH17 təyyarəsinin vurulması zamanı Rusiya qondarma DXR-ə nəzarət edib.
Xatirə SADIQ