İngiltərə millisi Meksika ilə oyuna "Viaqra" içib çıxacaq - Maraqlı SƏBƏB
İngiltərə milli komandası Meksika ilə matça “Viaqra” içib çıxacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu iddia ilə “The Sun” qəzeti çıxış edib.
Buna səbəb ingilis futbolçuların orqanizmini yüksək hündürlüyə uyğunlaşdırmaqdır. Nəşrin yazdığına görə artıq futbolçulara matçdan əvvəl “Viaqra” qəbul etməyə icazə verilib.
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel özü də daha əvvəl “Estadio Azteca” stadionunda komandanı çətin şəraitin gözlədiyini bildirib. O qeyd edib ki, cəmi dörd günə belə şəraitə tam uyğunlaşmaq mümkün deyil.
Ümumdünya Antidopinq Agentliyinin (WADA) qaydalarına əsasən, aktiv maddəsi sildenafil olan "Viaqra" preparatı qadağan olunmuş maddələr siyahısına daxil deyil. Bu səbəbdən də Tomas Tuxel futbolçularının komandanın tibbi heyətinin nəzarəti altında “Viaqra”dan istifadə variantını problemin ən real həllərindən biri kimi qəbul edir.
Məqalədə qeyd olunub ki, bu, ilk belə hal deyil. Daha əvvəl də Argentinanın bəzi futbol komandaları oxşar şəraitdə yüksək dağlıq ərazilərə uyğunlaşmaq məqsədilə "Viaqra" preparatını qəbul ediblər.
Elmi araşdırmalara görə, "Viaqra" ağciyərlərdə qan dövranını yaxşılaşdırmağa kömək edir. Bu isə yüksək dağlıq ərazilərdə oksigen səviyyəsinin azalması nəticəsində yaranan yorğunluq, başgicəllənməsi və nəfəs darlığını aradan qaldıra bilər.
Nəşr yazıb ki, ingilislərin matç üçün gördükləri tədbirlər bununla yekunlaşmır. Məsələn, İngiltərə millisi meksikalı azarkeşlərin narahat etməmələri üçün qaldıqları otelin ünvanını gizli saxlayır.
Qeyd edək ki, “Azteka” stadionu dəniz səviyyəsindən 2 min 200 metr yüksəklikdə yerləşir. Bu yüksəklikdə futbol oynamaq ağciyərlərin normal şəraitdə keçirilən matçdan 2 dəfə çox işləməsi və oksigen səviyyəsinin aşağı olması səbəbindən enerji tükənməsi kimi çətinliklər yaradır. Çətin şəraitə öyrəşmiş Meksika millisi son 56 ildə “Azteka” stadionunda cəmi 2 dəfə məğlub olub.
Xatırladaq ki, İngiltərə-Meksika matçı 6 iyul saat 04:00-da (Bakı vaxt ilə) keçiriləcək.
Banu