"İnsanların üzünü unutmuram, sən həmin adamsan" - Ronaldo jurnalistlərlə dalaşdı
Portuqaliya millisinin kapitanı Kriştian Ronaldo Dünya Çempionatının 1/8 finalında İspaniyaya qarşı keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında jurnalistlərlə gərgin anlar yaşayıb.
SAVASHMEDİA.az xəbər verir ki, 41 yaşlı futbolçu uzun illərdir ünvanına səslənən tənqidlərə sərt reaksiya verərək etiraf edib ki, bəzi jurnalistlərin ona mənfi münasibət bəslədiyini yaxşı bilir.
"Jurnalistlərlə danışmaq, xüsusilə də məni sevməyən jurnalistlərlə... Siz də onlardan birisiniz. Mən insanların üzünü unutmuram. Bir dəfə görməyim kifayətdir", - futbolçu deyib.
Portuqaliyalı ulduz futbolu nə vaxt tərk edəcəyinə yalnız özünün qərar verəcəyini vurğulayıb.
"Bu mənim son Dünya Çempionatıdır. Karyeramı nə vaxt başa vuracağıma mən qərar verəcəyəm, jurnalistlər yox. 23 ildir məni bitirməyə çalışırlar. Sonda bunun vaxt itkisi olduğunu başa düşdülər. Yenə cəhd edirlər və etməyə davam edəcəklər", - o bildirib.
Ronaldo Dünya Çempionatının nəticəsinin onun futbol irsinə təsir etməyəcəyini də vurğulayıb.
"Dünya Kubokunu qazansam, daha böyük futbolçu olmayacağam, qazanmayacağım halda isə kiçilməyəcəyəm.. Tanrıya şükür, heç nəyim əskik deyil", - Portuqaliya millisinin kapitanı əlavə edib.
Qeyd edək ki, Portuqaliya millisi Dünya Çempionatının 1/8 finalında İspaniya ilə qarşılaşacaq. Görüş turnirin ən prinsipial və maraqla gözlənilən oyunlarından biri hesab olunur.
Oğuz