İtdən öyrən, adam ol - 3

Ali təbiət İti bəxş edib ki, səni evdə həmişə gözləyən olsun. Hətta bundan ötrü heç kimin yoxdursa da.

Aug 15, 2025 - 15:58
İtdən öyrən, adam ol - 3

Bəzən ev sadəcə boş divarlardır. Soyuq, sükuta qərq olmuş. Hətta mebel, adi və qeyri-adi əşyalar düzülübsə də, səni içəridə canlı gözləmirsə, ev insana yad gəlir.

Məhz bu zaman İt peyda olur. Həmin canlı, hansı üçün qapının arxasından gələn addımlarının səsi hadisədir. O canlı ki, səni gördükdə əvvəlcə irəliyə qaçır, sonra bir anlıq donub qalır, nəhayət xoşbəxtliyə qərq olur. Təkcə bir səbəbdən – sən gəlmisən.

Evdə neçə vaxt olmamışdın – 10 dəqiqə ya bütün gün ərzində – həmin müddət ondan ötrü əbədilikdir. Lakin bunun artıq əhəmiyyəti yoxdur. Qayıtmısan, gəlmisən – deməli bayramdır! İncikliksiz, qınaqsız. Yalnız sevinc var, şadlıqdır.

İt sənin yolunu darıxdığına görə gözləmir. Gözləyir, istəyir, çünki səni həyatının dayağı, istinad nöqtəsi sayır. Sən gəldinsə, onun parçalanmış dünyası yenə bütövdür. Səninlə yanaşı olmaq bu dünyanın, həyatın mənasıdır.

Yanaşı olmaq hər hansı sözdən vacibdir. Harasısa ağrıdıqda insan instinktiv surətdə onun halını anlayanı axtarıb arayır. Demək, başa salmaq, bölüşmək istəyir. Lakin elə də olur ki, söz qüvvəsini itirir, hər bir fikir, ifadə boş səslənir, izah etmək cəhdi insanın özünü yorur, taqətdən salır. Bu zaman söhbətə yox, yanaşı olmağa xüsusilə ehtiyac duyulur.

İt soruşmur nə üçün getmişdin, niyə qəmlisən. Tələb etmir hər şeyi açıb söyləyəsən. Düzgün ifadə seçəcəyini də gözləmir. O, heç nəyi təhlil etmir. Sadəcə, səninlə qalır. Döşəmədə, yaxud eyni divanda, çarpayıda yanaşı uzanır. Sədaqətli nəzərlərini sənə zilləyir və bu an başa düşürsən: belə dostun varsa, qəm etmək əbəsdir. Axı görürsən ki, İt səni atmır, yoxa çıxmır. Əhvalını duyur, dərdinə şərikdir. Hətta, əgər bütün dünyadan qapanmısansa!

İt oyuncaq, dekor, inventar, evdə fon deyil. O, canlıdır, sənin diqqət və qayğından büsbütün asılıdır. Onun hər hansı qrafiki, cədvəli, sosial rolu, şikayət etmək imkanı yoxdur. Ondan ötrü yalnız sən varsan, bir də qəbul etdiyin qərarlar.

İtinin qayğısına qal! Hər səhər zəngli saatın səs saldığına görə yox, himayənə götürdüyün canlının səni gözləməsi səbəbindən oyan, qalx. Hər gəzintini sənə rahat olan marşrutla deyil, ona lazım cığır üzrə həyata keçir. Görürsən ki, İt soyuqdan titrəyir, uca səslərdən qorxur, yorğundur, su içmək istəyir, pis yatır – diqqətini, qayğını artır. Tədricən təkcə onun hürməyini yox, davranışındakı xırda dəyişiklikləri də duyursan. Qayğı daha vəzifən deyil. O, adətə, həyat tərzinə çevrilir. Başlıcası – insanlığın ifadəsi olur. Anlayırsan ki, yanında başqa bir canlı yaşayır. Səndən balacadır, zəifdir, qayğıya ehtiyacı var. O, heç bir söz demədən səni mehriban olmağa sövq edir. Qayğıya qalmaq səndən şücaət, qəhrəmanlıq tələb etmir. Bu qayğı gözdən pərdə asmaqdan ötrü deyil. Tərif də gözləmə. Sadəcə, hər gün gəzmək, yem, yumşaq səslə söz, can rahatlığı, diqqət lazımdır. Bir gün gələcək və sən anlayacaqsan ki, inkişaf etmisən, artıq başqasının da tələbatı, ehtiyacı olduğunu görürsən.

Əvəzində İt səni unudulduğunu hesab etməyə qoymaz. Axı həyatda elə anlar olur, düşünürsən daha heç kəs yolunu gözləmir: telefon susub, qapını açan yoxdur, bütün gün sükunət içində keçir. Dost-tanış sənə iki kəlmə mesaj yazmağı unudub. Başa düşüləndir: axı onların da öz qayğıları, vacib işi, görüşü var. Dünya-aləm, həyat sənin yanından ötüb keçir. Görmür ki, bir az zəif olmusan, bir qədər yorğunsan. İt isə səni qətiyyən unutmur. Ona heç nəyi – varlığını, mövcudluğunu xatırlatmağa ehtiyac qalmır. Sosial şəbəkələrdə neçə dostun var, nə yazırsan, adın neçə dəfə çəkilib – bunlar tamamilə əhəmiyyətsizdir. Hamı səni unutsa da, bu yumru canlı üçün sən həmişə unudulmazsan.

Onun hər səhəri səni axtarmaqla açılır. Gözləmənin hər dəqiqəsi məna kəsb edir. Başqa otağa keçirsən – ardınca gedir. Qüssəlisən – yanında uzanır. Bircə saat evdə olmamısan – elə sevincək qarşılayır, sanki aradan əbədiyyət ötüb.

O, sənin diqqətindən yayınan şeyləri də görür. Sənin səsin, qoxun, addımlarının ahəngi... Harada olursan, yatırsan, nə zaman dərindən nəfəs alırsan, gülürsən, ah çəkirsən – İt bunların hamısını duyur, bilir. Deməli, yoxa çıxmamısan, buradasan – həyatda.

A.ƏZİZ