“Liv Bona Dea” və Mərkəzi Klinika pasiyentlərin etimadına xəyanət edir?
“Liv Bona Dea” hospitalının uroloqu Elbəyi Daşdəmirlinin Mərkəzi Klinikanın travmatoloq-ortopedi Yasin Haqverdiyev ilə sosial şəbəkədə “Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskasla bağlı qeyri-etik yazışması ciddi müzakirələrə səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, yetərincə məşhur iki həkimin pasiyentin tibbi narahatlığına lağ edərcəsinə yanaşması, bundan zarafat mövzusu çıxarması haqlı olaraq narazılıqlar yaradıb.
Bu hərəkət həkim adına yaraşmamaq, pasiyentlərin səhhəti ilə bağlı məxfiliyi açıq-aşkar bəyan etmək kimi dəyərləndirilib.
Xüsusilə də “Liv Bona Dea” hospitalının Urologiya şöbəsinin müdiri olduğu bildirilən Elbəyi Daşdəmirlinin belə bir qeyri-etik davranış sərgiləməsi pasiyentlər nəzdində heç də qəbulolunan deyil və bu birbaşa xəstə məxfiliyinin kobud şəkildə pozulmasıdır.
Burada məsələ sadəcə həkimlərin şəxsi ilə də bağlı deyil. Məsələ həm də onların təmsil etdiyi xəstəxanaların nüfuzu ilə bağlıdır.
Belə ki, həm “Liv Bona Dea” hospital, həm də Mərkəzi Klinika yetərincə nüfuzlu özəl tibb mərkəzləridir. Yüksək qiymətləri və məsuliyyətli olmaları ilə bağlı ad çıxarmış həkimləri ilə tanınırlar.
Xəstələr bu tibb müəssisələrinə həm canlarını, həm də bəzən yaxınlarının belə bilməsini istəmədikləri sağlamlıq problemlərini əmanət edirlər.
Məsələyə bu prizmadan baxdıqda da təcrübəli və peşəkar həkimlərin belə lağvarı yanaşması xəstənin etibarına və etimadına xəyanət kimi qəbul edilir.
İndi əsas gözlənti həkimlərin bu davranışının təmsil etdikləri klinikalar tərəfindən necə qiymətləndiriləcəyidir. Pasiyent etimadını sarsıdan belə bir vəziyyətdən sonra həm “Liv Bona Dea” hospitalının, həm də Mərkəzi Klinikanın həkimlərlə bağlı hansısa formada tədbir görəcəyi və məsələyə biganə qalmayacağı arzulanandır. Çünki həkimlik peşəsində peşəkarlıq qədər etik davranış və pasiyentə hörmət də mühüm məsələdir.
Banu