“Macarıstanı səsvermə hüququndan məhrum edin” - Aİ liderlərinə təklif
Avropa İttifaqı (Aİ) Macarıstanın baş naziri Viktor Orbanın rəhbərlik etdiyi rusiyayönlü liderlər qrupunun martın 6-da keçiriləcək sammitdə əsas qərarları pozmağa cəhd edə biləcəyi ehtimalına hazırlaşır.
SAVASHMEDİA.az bu barədə “Politico” nəşrinə istinadən xəbər verir.
“Mövzuların sayı və birliyin olmaması bu sammitin müxtəlif istiqamətlərə gedə biləcəyini ifadə edir. Liderlər öz milli ordularını gücləndirmək üçün resursları necə tez bir zamanda yönləndirə biləcəklərini düşünəcək, eyni zamanda Ukraynaya dəstək nümayiş etdirməyə çalışacaqlar. Məsələn, Ukraynanın Aİ-yə üzvlüyü yolunu təsdiqləyəcəklər. Onlar həmçinin Putin rejiminə nifrətlərini, o cümlədən mümkündür ki, sanksiyaların növbəti raunduna sadiqliklərini vurğulamağa çalışacaqlar”, - deyə nəşr qeyd edir.
Hazırda mübahisələrin Ukraynaya daha çox hərbi dəstək verməklə bağlı getdiyini xatırladan nəşr bildirib ki, yekun bəyanat sammitin sonuna qədər verilməyəcək. Lakin çərşənbə axşamı gecə yayılan son layihədə silah tədarükünün davamın təmin etmək üçün bir yol tapılmasına çağırış yer alıb. Rəsmi şəxslər bildiriblər ki, Macarıstan bununla razılaşmaqdan imtina edib.
Layihə mətnində vurğulanır ki, Aİ “Ukraynaya müntəzəm və proqnozlaşdırıla bilən maliyyə dəstəyi göstərməyə davam edəcək”.
Nəzərə çatdırılıb ki, martın 4-də Ursula fon der Lyayenin təşəbbüsü ilə elan edilən “Avropanın Yenidən Silahlanması” planı vasitəsilə gələcək pullar daxil olacaq.
Xatırladaq ki, martın 5-də Fransa prezidenti Emmanuel Makronun Parisdə Macarıstanın baş naziri Viktor Orbanla danışıqlar aparması gözlənilir.
Bu arada “Volt” partiyasından olan avropalı deputatlar fövqəladə sammiti öncəsi Aİ liderlərinə doqquz bənddən ibarət fəaliyyət planı göndərib. Planda həm də Macarıstanı səsvermə hüququndan məhrum etmək və ümumAvropa ordusunun yaradılması təklif olunub.
Xatirə SADİQ