Məqsədsiz təhsil - Anlatma

Bir vaxtlar babam öz bloknotunda etdiyi qeydləri ərəb qrafikası ilə yazırdı. 

Apr 25, 2025 - 00:17
Məqsədsiz təhsil - Anlatma

Atamgil nənəmə zarafatla deyərdilər: "Bax, kiməsə gizli məktub göndərəcək". Nənəm ərəb yazısını anlamırdı. Dükana, bazara gedəndə alınmalı şeylərin siyahısını latın qrafikası üzrə tuturdu. Beləliklə, hərəsi təhsil aldığı yazıya üstünlük verirdi. Atam on il kiril görüb. Qeyri-rəsmi qeydləri indi də kiril ilə aparır. Mən kirillə yol gedirdim, axıra yaxın yönəltdilər latın məhəlləsinə. Bu, əlifbamızın başına gətirilən oyunların bir qismidir.

Böyük əmim 10-illik orta təhsil alıb. Böyük bibim - 11 il. Sonra orta təhsili yenə 10-illik etdilər. İndi bir daha 11-dir. Bütün bunlar həyatda bir-birini görən nəsillərin başına gətirilib.

Yaxşı, tarix dərsliyini niyə vaxtaşırı dəyişir, yeniləndirirlər - başa düşürəm: tarix elm deyil, siyasətin təbliğat alətidir. Hər yeni hakimiyyət tarixi öz istədiyi kimi yazdırır. Ta qədimdən belə olub. Bəs riyaziyyat dərsliyi niyə bu cür tez-tez təzələnir! 2×2 ki həmişə görddür. (Əlbəttə, bunu da anlayıram: yeni fond, yeni büdcə - yeni sifariş, yeni dərslik. Yeni müəllif ya müəlliflər qrupu - öz adamlarımızdır).

Sənə elə gəlmirmi təhsili özgə planetdən gələnlər idarə edirlər? Özgələr. Çünki doğma planetin doğmaları bu cür mənasız və tez-tez olan dəyişikliklərlə millətin şüurunu qırıq-qırıq etməzdilər. Onlar isə qırırlar: nəsillərə, yanlış və daha yanlış biliklərə ayırırlar. Özü də bu, təkcə Azərbaycanda baş vermir. Rusiya ərazisində, bəzi digər ölkələrdə vəziyyət eynidir. Təxminən. Çünki Rusiya bircə kirildən üz döndərmir. Ruslar yaxşı deyirlər: keçmişi əvvəlcədən bilmək olmur...

Mübarəkdir! Agent Tramp bütövlükdə təhsil nazirliyini ləğv edəcəyini bildirib. Hələlik isə dünyanın ən nüfuzlu Harvard universitetinə girişib. Onu dövlət qrantlarından və özünün pul qazanmaq imkanından məhrum etməyə hazırlaşır. Əlbəttə ki, Trampda niyyət olmur həqiqət, onun heç sözləri də daşımır əhəmiyyət. Lakin onun özünün ifşasına etdi kifayət: sən demə, Don Tramp da həmin yad planetdəndir!

Yekunda onu demək qalır ki, saxta dünyada təhsil ya yoxdur, ya da heç yoxdur!

A.ƏZİZ