Moskvadakı partlayışın MÜƏMMALI QADINI - Zorla generalın ad gününə girmək istəyib
Moskvanın mərkəzində yerləşən "Balzi Rossi" restoranında baş vermiş güclü partlayışla bağlı yeni detallar məlum olub.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə restoranın qapalı tədbirə ev sahibliyi etdiyi vaxt baş verib.
Məlumata görə, partlayışın baş verdiyi restoranda həmin vaxt Rusiya Silahlı Qüvvələrinin generalı Aleksandr Çaykonun 55 illik yubiley mərasimi keçirilirmiş. İddialara əsasən, tədbirə yüksək rütbəli hərbçilər və digər dəvətlilər qatılıblar.
Qeyd edək ki, Aleksandr Çayko Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin ilk mərhələlərində müxtəlif istiqamətlərdə qoşun birləşmələrinə komandanlıq edib. Onun adı Ukraynanın Buça şəhərində mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı aparılan araşdırmalarda da hallanıb.
Rusiya hüquq-mühafizə orqanları partlayışın hədəfinin məhz general Çayko olduğunu rəsmən açıqlamasalar da, hadisə ilə bağlı terror aktı maddəsi ilə bağlı cinayət işinin açılması faktdır.
Xatırladaq ki, partlayış nəticəsində 3 nəfər ölüb, azı 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Fotoda general Aleksandr Çayko
İstintaqın ilkin versiyasına görə, partlayışı üzərində əldəqayırma partlayıcı qurğu olan bir qadın törədib. Qadın restorana daxil olmaq istəyərkən mühafizəçi onu saxlayıb. Elə həmin an partlayıcı işə düşüb və güclü partlayış baş verib.
Hadisə nəticəsində həmin qadın, mühafizəçi və restoranda olan bir nəfər həyatını itirib. Yaralıların bir qismi xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Partlayıcı qurğunu üzərində daşıyan qadının şəxsiyyəti də hələ açıqlanmayıb. Rusiya İstintaq Komitəsi onun terror aktının birbaşa iştirakçısı olub-olmadığını, yoxsa partlayıcı qurğudan xəbərsiz şəkildə istifadə edildiyini araşdırır. Müstəntiqlər partlayıcının uzaqdan işə salınması ehtimalını da istisna etmirlər.
Sosial şəbəkələrdə isə qadının xidmət personalı və ya kuryer qismində restorana daxil olmağa çalışdığı barədə iddialar yayılıb.
Oğuz