Moskvaya kütləvi PUA hücumu: Ölən və yaralananlar var - ANBAR YANDI
Rusiya ərazisi son dövrlərin ən genişmiqyaslı PUA hücumlarından birinə məruz qalıb. Moskva vilayətinin bir sıra rayonlarında partlayışlar baş verib, yaşayış evləri və müxtəlif obyektlərə ziyan dəyib.
SAVASHMEDIA.az xəbər verir ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, vilayətin müxtəlif ərazilərində 187 PUA vurulub və ya zərərsizləşdirilib.
Hücum Domodedovo, Podolsk, Stupino, Odintsovo, Naro-Fominsk, Ramenskoye, Çexov, Kolomna, Kaşira və Yeqoryevsk rayonlarında qeydə alınıb.
1 nəfər ölüb, 3 nəfər yaralanıb
Ramenskoye rayonunda dronun yaşayış evinə düşməsi nəticəsində 83 yaşlı kişi həlak olub. Qubernator hadisə ilə bağlı mərhumun yaxınlarına başsağlığı verib.
Podolsk şəhərində isə 3 nəfər xəsarət alıb. Onlardan birinin qəlpə yarası aldığı, digər iki şəxsin isə dron qalıqlarının düşməsi nəticəsində yaralandığı bildirilib.
Böyük anbar yanıb
Hücum zamanı Podolskda Rusiyanın böyük onlayn ticarət platformalarından biri olan “Vayldberriz”in logistika anbarında yanğın baş verib.
Məlumata görə, obyektə dronun düşməsindən sonra başlayan yanğın nəticəsində anbara ziyan dəyib. Hadisə zamanı işçilərin sığınacağa yerləşdirildiyi və əməkdaşlar arasında xəsarət alan olmadığı açıqlanıb.
Domodedovoda isə dərmanların saxlanıldığı anbarda yanğın qeydə alınıb.
Bundan başqa, bir sıra yaşayış evlərinə, avtomobillərə və elektrik infrastrukturuna ziyan dəyib.
Oğuz