Azərbaycanlıların 7 aylıq xərcləri AÇIQLANDI - Pul ən çox nəyə gedib?

Azərbaycanda ilin ilk yeddi ayında pərakəndə ticarətin həcmi 38 milyard manatı keçib. Yeni statistika əhalinin gündəlik alış-verişdə pulunu daha çox hansı məhsullara xərclədiyini də göstərir.

Aug 16, 2026 - 12:17
Azərbaycanlıların 7 aylıq xərcləri AÇIQLANDI - Pul ən çox nəyə gedib?

SAVASHMEDIA.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, 2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358,5 milyon manatlıq məhsul satılıb. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz çoxdur.

Xərclərin 20 milyard 843,9 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17 milyard 514,6 milyon manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

Ən böyük xərc ərzağa yönəlib. Belə ki, ümumi pərakəndə xərclərinin 50 faizi, yəni 19 milyard 172,2 milyon manat ərzaq məhsullarının alınmasına sərf olunub.

Digər əsas xərclər isə belə bölünüb:

geyim, tekstil və ayaqqabı – 4,79 milyard manat;

avtomobil yanacağı – 2,33 milyard manat;

elektrik malları və mebel – 1,84 milyard manat;

içkilər və tütün – 1,67 milyard manat;

əczaçılıq məhsulları və tibbi ləvazimatlar – 1,08 milyard manat;

kompüter, telekommunikasiya avadanlıqları və çap məhsulları – 548,3 milyon manat.

Maraqlıdır ki, ən yüksək artım kompüter və telekommunikasiya avadanlıqları üzrə qeydə alınıb. Bu məhsulların satışında illik artım 32,1 faiz təşkil edib. Əczaçılıq məhsulları və tibbi ləvazimatların satışında da 23,8 faizlik artım olub.

Ümumilikdə isə pərakəndə ticarətdə əhalinin bir nəfəri orta hesabla ayda 533,6 manat xərcləyib. Bunun 290 manatı ərzaq, içki və tütün məhsullarının, 243,6 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

Beləliklə, statistika göstərir ki, azərbaycanlıların pərakəndə alış-verişində ən böyük pay yenə də ərzaq məhsullarına məxsusdur. Bununla yanaşı, texnologiya və dərman məhsullarına tələbatdakı artım da diqqət çəkir.

Aytən