“PAŞA Kapital”da ciddi eniş, dövriyyəsi 21,6 milyard azaldı - TƏHLİL
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin 2026-cı ilin yanvar-sentyabr aylarında Bakı Fond Birjasında birja dövriyyəsi kəskin azalıb.
Şirkətin ilk 9 ay üzrə birja dövriyyəsi 14 milyard 779,5 milyon manat təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 36 milyard 388,2 milyon manat olub.
Beləliklə, “PAŞA Kapital”ın dövriyyəsi bir il ərzində 21 milyard 608,7 milyon manat və ya 59,4% azalıb. Başqa sözlə, şirkətin birja dövriyyəsi təxminən 2,5 dəfə kiçilib.
Əsas geriləmə repo əməliyyatlarından gəlib
Rəqəmlərin müqayisəsi göstərir ki, şirkətin ümumi dövriyyəsindəki azalmanın əsas hissəsi repo əməliyyatlarının payına düşüb.
Ötən ilin ilk 9 ayında “PAŞA Kapital”ın dövriyyəsinin böyük hissəsini məhz repo əməliyyatları formalaşdırdığı halda, cari ilin eyni dövründə bu istiqamətdə aktivlik xeyli zəifləyib.
Dövlət istiqrazları üzrə əməliyyatlarda da azalma qeydə alınıb. Nəticədə digər alətlər üzrə artım repo və dövlət istiqrazlarındakı geriləməni kompensasiya edə bilməyib.
Əqdlərin sayı artıb, dövriyyə isə azalıb
“PAŞA Kapital”ın nəticələrində diqqət çəkən digər məqam dövriyyənin kəskin azalmasının əqdlərin sayındakı artım fonunda baş verməsidir.
Bu dinamika şirkətin əvvəlki illə müqayisədə daha çox sayda, lakin daha kiçik həcmli əməliyyatlar həyata keçirdiyini göstərir. Yəni əməliyyat aktivliyi say baxımından artsa da, orta əqd məbləğinin azalması ümumi dövriyyəni aşağı çəkib.
8 aydakı geriləmə 9 ayda daha da böyüyüb
Şirkətin ilk 8 ay üzrə birja dövriyyəsi 9 milyard 786,5 milyon manat olmuş və illik müqayisədə 18,6 milyard manat azalmışdı.
Sentyabrın nəticələri əlavə edildikdən sonra illik dövriyyə fərqi 21,6 milyard manata çatıb. Beləliklə, “PAŞA Kapital”da ötən illə müqayisədə böyük həcmli dövriyyə itkisi 9 ayın yekununda da davam edib.
Qeyd edək ki, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC PAŞA Holding şirkətlər qrupuna daxildir və kapital bazarında broker, diler, anderraytinq və digər investisiya xidmətləri göstərir. 2026-cı ilin iyununda şirkətin idarəetmə strukturunda dəyişiklik edilib, İdarə Heyəti ləğv olunaraq vahid icraçı direktor – CEO modeli tətbiq olunub. Şirkətin CEO-su İsi Mustafayevdir. (tiraj.az)