Marketlərimizdə erməni malları, bu məhsulları onlardan alacağıq? - SİYAHI
Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarətin başlaya biləcəyi realdır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, hazırda Azərbaycandan Ermənistana idxal həyata keçirilir və bu, ticarətin bir istiqamətidir, lakin o ümid edir ki, yaxın gələcəkdə Ermənistandan Azərbaycana da ixrac fəaliyyətləri təşkil olunacaq.
Bəs Ermənistandan Azərbaycana hansı məhsullar ixrac oluna bilər?
Erməni iqtisadçı Qaqik Makaryan Ermənistandan Azərbaycana hansı malların göndərilə biləcəyi ilə bağlı yerli KİV-ə müsahibəsində deyib:
“Qatarla bağlı problem olmasa, böyük həcmdə tikinti materiallar ixrac edilə bilər. İkincisi, Azərbaycan bazarı Ermənistan şərablarının çeşidləri, eləcə də meyvə araqları ilə maraqlana bilər. Üçüncüsü, bu, müəyyən növ konservləşdirilmiş məhsullar ola bilər, azərbaycanlıların çay həvəskarı olduqlarını nəzərə alsaq, mürəbbə satışı da mümkündür. Ermənistanın bəzi Avropa ölkələri üçün istehsal etdiyi tikiş sektorunun bəzi məhsulları da. Müəyyən növ dərman, elektrik və elektron avadanlıqlar haqqında da danışmaq olar. Gələcəkdə münasibətlərdə inkişaf olsa, şirniyyat da sata bilərik.
Müxtəlif Ermənistan fabrikləri yaxşı şokolad istehsal edir, bunlar Belçika və bəzi Avropa ölkələrinə də ixrac olunur. Siqaretlərdən də danışmağı zəruri hesab edirəm. Üzərində bir az da çalışsaq, logistika avadanlıqları və elektrik naqilləri də...”.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli isə bunları deyib: “Azərbaycandan Ermənistana və Ermənistandan Azərbaycana ixrac-idxal əməliyyatları dövlət xətti ilə deyil, əsasən özəl sektor vasitəsilə həyata keçiriləcək. Bunun üçün müəyyən şərtlərin yerinə yetirilməsi vacibdir. Məsələn, bankların bir-birini tanıması, bank əməliyyatlarının düzgün həyata keçirilməsi, göndərilən məhsulların sığortalanması kimi məsələlər mövcuddur. Buna görə də proses müəyyən vaxt tələb edəcək.
Lakin perspektivlər mövcuddur və Azərbaycanda bu proses bir qədər daha rahatdır. Çünki Ermənistanın enerji daşıyıcılarına olan ehtiyacını Azərbaycan artıq reallaşdıra bilər, yəni belə bir imkan mövcuddur və biz məhsullarımızı sata bilərik. Özəl sektorla bağlı müəyyən problemlər mövcuddur. Məsələn, texniki çətinliklər hələ də qalır.
Bununla belə, Ermənistandan Azərbaycana spirtli və spirtsiz içkilər, kənd təsərrüfatı məhsulları, çay, qızıl balıq, ət məhsulları və digər bir sıra məhsullar ixrac oluna bilər. Lakin qeyd edildiyi kimi, bütün bu əməliyyatların reallaşması müəyyən vaxt tələb edəcək”.
Aytən