Putin 150 il yaşayacaq - "Ölümsüzlük layihəsi"nə 2 trilyon ayrıldı
Rusiya yaşlanma əleyhinə peyvənd hazırlamağa başlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ölkənin elm və ali təhsil nazirinin müavini Denis Sekirinski məlumat verib.
O bildirib ki, bu preparat hüceyrələrin yaşlanması ilə əlaqəli geni bloklayacaq:
“RAGE geninin aktivləşməsi hüceyrənin qocalma prosesini başladan reseptordur. Bu genin bloklanması isə əksinə, onun gəncliyini uzada bilər. Məhz bu prinsip əsasında qarşıya qeyd olunan reseptoru məqsədyönlü şəkildə bloklayan, dünyada ilk gen-terapiya preparatını hazırlamaq məqsədi qoyulub. Vaksinin hazırlanması ilə Qocalma Biologiyası və Tibb İnstitutu məşğuldur. Layihə qabaqcıl genetik həllərə əsaslanır və orqanizmin qocalmasına qarşı mübarizədə ən perspektivli istiqamət kimi qiymətləndirilir”.
Bundan əvvəl baş nazirin müavini Tatyana Qolikova da Rusiyada qocalığa qarşı dərmanın istehsalına başlanılacağını elan edib:
“Sözügedən preparat 2028–2030-cu illərdə hazır olacaq. Bir müddət əvvəl bunu inanılmaz gələcək kimi təsvir edirdik, amma indi bu, reallıqdır”.
Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin uzun müddətdir orqanizmin cavanlaşdırılması mövzusuna maraq göstərir. Hətta o, ötən ilin sentyabrında Pekinə səfəri çərçivəsində Çin lideri Si Cinpinlə müasir texnologiyalar və orqan transplantasiyası vasitəsilə ölümsüzlüyə nail olma imkanlarını müzakirə edib. Həmin vaxt Si Cinpin Putini inandırıb ki, 150 yaşa qədər yaşamaq ehtimalı mümkündür.
Yaşlanma əleyhinə vaksinin hazırlanması da Putinin göstərişi ilə başladılan “Sağlamlığın qorunmasının yeni texnologiyaları” adlı milli layihə çərçivəsində aparılır. Layihənin yaranmasına səbəb isə prezidentin dostu, Kurçatov İnstitutunun rəhbəri Mixail Kovalçukun əbədi həyat və “rus genomu” haqqında xəyallarıdır. Prezidenti əbədi həyata inandıran Kovalçuk artıq genetika sahəsində yerli inkişaflara dair federal proqramı kurasiya edir. Hətta bu proqramda Putinin böyük qızı, endokrinoloq Mariya Vorontsova da iştirak edir.
Bildirilir ki, 150 il, hətta daha da çox yaşamağı qarşısına məqsəd qoyan Rusiya prezidentinin təşəbbüsü ilə 2025-ci ildə “Uzun və aktiv həyat” adlı daha bir milli layihə də başladılıb. Putin iki layihə proqramı üçün 2 trilyon rubldan çox vəsaiti gözdən çıxaracaq. Rusiya lideri tibb alimlərindən tələb edib ki, Rusiyada orta ömür uzunluğu 2030-cu ilə qədər 78 ilə, 2036-cı ilə qədər isə 81 ilə çatdırılsın. Hazırda bu göstərici 74,2 ildir.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin hazırda 73 yaşı (7 oktyabr, 1952-ci il) var. Ölkənin yüksək vəzifəli şəxslərinin əksəriyyəti də təxminən bu yaşdadır.
Vəsilə İBRAHİM