"Putinlə razılığa gəldik, indi hər şey Zelenskidən asılıdır" - Trampdan yekun bəyanat
ABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı bir çox məsələlərdə, o cümlədən Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsində razılığa gəliblər.
SAVASHMEDİA.az-ın xəbərinə görə, bu barədə o, "Fox News" telekanalına müsahibəsində bildirib.
Ondan Ukrayna üçün ərazilərin dəyişdirilməsi və NATO-dan asılı olmayan təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanın baş tutub-tutmayacağı soruşulub.
Buna cavab olaraq Tramp deyib: "Düşünürəm ki, bu bizim müzakirə etdiyimiz məqamlardır. Bunlar, əslində, əsas olaraq razılaşdığımız məqamlardır".
Donald Tramp həmçinin özünün, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə görüşün mümkünlüyünü şərh edib.
"İndi məsələ prezident Zelenskinin əlindədir və mən həmçinin deyərdim ki, Avropa ölkələri bir az müdaxilə etməlidirlər, lakin bu, prezident Zelenskinin işidir. Düşünürəm ki, biz hazırıq və əgər onlar istəsələr, mən növbəti görüşdə olacağam. İndi onlar prezident Zelenskinin prezident Putinlə görüşünü təşkil etməyi planlaşdırırlar", - deyə o bildirib.
Oğuz