"Qarabağ" haqqımıza girir, Tahir Gözəl getsin... - "Neftçi" rəsmisindən ŞOK SÖZLƏR
"Neftçi” İdman klubunun İdarə Heyəti sədrinin müşaviri Sadıq Sadıqov futbolinfo-ya müsahibə verib.
SAVASHMEDİA.az xəbər verir ki, S.Sadıqov klubun tarixi, nailiyyətləri, son zamanlar yaşadığı çətinliklərlə bağlı suallara səmimi cavablar verib.
O, “Neftçi” İdman Sağlamlıq Mərkəzinin (İSM) Suraxanıdakı bazası və “Qarabağ”ın ona iddia etməsi ilə bağlı məsələyə də aydınlıq gətirib. Sadıqov bildirib ki, həmin baza “Qarabağ”a 25 illik icarəyə verilib. Hazırda isə müddət bitib:
“Həmin ərazi “Neftçi” İSM-ə məxsusdur. “Qarabağ” rəhbərliyi də çox gözəl bilir ki, klubun inkişafı üçün ora 25 illik onlara icarəyə verilib. Çünki o vaxt Quzanlıda vəziyyət indiki kimi deyildi. Bizə Quzanlıda futbolun inkişafı lazımdır. Suraxanıdakı bazada biz Fərid Mənsurov, Rövşən Bayramov, Rəsul Çunayev kimi idmançılar yetişdirmişik. Ora gün ərzində 700-800 uşaq gəlib-gedir, əla zallarımız var. Suraxanıda yeganə ərazidir ki, pulsuzdur. Get “Qarabağ”a de ki, onlara verilən əraziyə baxmaq istəyirsən, gör səni buraxacaqlar? Amma “Neftçi”yə yaxınlaş, uşağını təmənnasız idmana yazdır. Yaxşı, biz öz ərazimizi də verdik “Qarabağ”a, bəs idmanla məşğul olan uşaqlar hara gedəcək? Niyə oranı istəyirlər? Çünki hər cür şərait var. Məgər Tahir Gözəlin tapa biləcəyi başqa yer yoxdur? Getsin boş ərazilərdə özünə baza tiksin də. Quzanlıda düzəltsin, komandanı orada qarşılasın”.
“Neftçi” rəsmisi qeyd edib ki, sözügedən bazanı “Qarabağ” özününkiləşdirərsə, haqqa girəcək:
“Biz xırda adamlarıq, sabah qərar veriləcəksə, onu icra edəcəyik. Lakin “Qarabağ” bununla camaatın haqqına girmiş olacaq. Gənclər və İdman Nazirliyi gəlib ora baxış keçirdi, güləş zalından film çəkdi ki, burada hansı idmançılar yetişib!”.
Banu