"Qarpızın ikisi ağ çıxdı, üçüncünü kəsmək istəyəndə..." - Fəzail İbrahimli HƏR ŞEYİ DANIŞDI

Yeni Yasamalda deputat Fəzail İbrahimli ilə meyvə-tərəvəz satıcısı arasında qarpız üstündə mübahisə yaranıb.

Sep 26, 2026 - 13:42
"Qarpızın ikisi ağ çıxdı, üçüncünü kəsmək istəyəndə..." - Fəzail İbrahimli HƏR ŞEYİ DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, 42 yaşlı, 4 uşaq atası Xəyal Əsədovun sözlərinə görə, avqustun 3-də deputata qarpız satarkən aralarında narazılıq yaranıb. 

Əsədov heç bir kobudluq etmədiyini, buna baxmayaraq polisə şikayət edildiyini və hadisədən sonra işini itirdiyini bildirib.

Fəzail İbrahimli isə "yeni sabah"a açıqlamasında ittihamları təkzib edib:

“Bir qarpıza görə insanı polisə şikayət etmək ağlasığmazdır. Bu xəbəri bəzi tərəflər həqiqəti bilmədən məsələni qərəzli şəkildə tirajladılar. Guya mən bir qarpıza görə polisə şikayət etmişəm. Deputat kimi hər zaman seçicilərin qayğısına qalmışam, polisdən də kiməsə güzəşt olunmasını xahiş edə bilərəm. 

Mən alış-verişimi özüm edirəm. Qarpız alanda ikisi ağ çıxdı, üçüncünü kəsməyə qoymadım. İmtina etmək istəyəndə, satıcıya ziyan dəyməsin deyə ağ qarpızların da pulunu vermək niyyətində idim. Lakin o, birdən-birə tərbiyəsizcəsinə üstümə gəldi, əlində bıçaq çənəmin altında yelləyərək məni təhdid etməyə başladı. Başa düşdüm ki, bu adam normal halda deyil, nəyinsə təsiri altındadır və cəmiyyət üçün təhlükəlidir.

Özümə görə yox, ətrafdakı insanların təhlükəsizliyi üçün hüquq-mühafizə orqanlarına müraciət etdim. Polis operativ reaksiya verdi. Məqsədim onu işsiz qoymaq yox, zərərsizləşdirmək və tərbiyələndirmək idi. Özünün dediyinə görə, 50 manat cərimə olunub. Deməli, təqsiri var idi ki, cərimələndi”.

Deputat əlavə edib:

“Deputat adamı işsiz qoydu” iddiaları da yalandır. O köşkün sahibi yox, sadəcə satıcısı idi. Köşk sahibi onun bu hərəkətini və yaratdığı problemi biləndən sonra özü onu işdən çıxardı və yerinə başqa satıcı götürdü. Həmin obyekt bu gün də fəaliyyət göstərir”.