Qızını İnək Etmə

Əvvəlcə bu yazının adını sadəcə “Reklam” qoymaq istədim. Sonra fikrimdən daşındım. Düşündüm ki, məlum xidmətdə materialı mahiyyətcə reklam başa düşərək, vergi tutarlar...

May 19, 2025 - 14:32
Qızını İnək Etmə

SSRİ-də seksdən fərqli olaraq, reklam vardı. Hündür binaların yuxarısında təkcə siyasi, ideoloji şüarlar (“Sov.İKP-yə eşq olsun!”, “Məqsədimiz kommunizmdir” və b.k.) deyil, həmçinin “Pullarınızı əmanət kassasında saxlayın”, “Aeroflot”un təyyarələrində uçun” sayağı iqtisadi reklam çağırışları da yazılırdı.

Qərbdəki reklamları isə cəmiyyətə necəsə yalançı, eybəcər, qan soran şey kimi təqdim edirdilər. Halbuki, məsələn ABŞ reklam sənayesinin fəaliyyət prinsipi vardı: “Düzünü de. Yalnız həqiqəti de. Lakin hamısını demə”. Bu, ticarətə və xidmət sahələrinə aiddir. Heyf ki, seçkiqabağı vədlərdən yan keçir...

30 il bundan qabaq postsovet televiziya məkanında reklam göstərməyə başladılar. Əvvəlcə verilişlərin arasında, sonra lap(!) ortasında da. Reklam fasiləsi zamanı yayımın səsi çox qalxırdı. Qulaq batır, əsəb gərilirdi. Bu hal sonradan Azərbaycan telekanallarına da təşrif buyurdu: yaxşı şey olsaydı, indiyədək götürməzdilər. Tamaşaçı narazı qalırdı. Mütəxəssislər desibelləri hesablayıb ağır nəticələrə gəldilər. Təbiblər təsdiqlədilər. Sonra parlamentlər müvafiq məhdudiyyət qoydu. Tamaşaçı kar olurdusa da, televiziyaçılara kar eləmədi: kanallar reklamın səsini xeyli ucadan verməkdə davam edirdilər. Sanki səsə görə ayrıca ödəniş gəlməli idi. Nəhayət – haçandan haçana – reklamın səsi normal səviyyəyə endi.

Reklamda, sözsüz, maraqlı məlumat da olur. Məhz reklam sənə xəbər verir ki, hansı mağazada nə neçəyədir, şəhərdə kim konsert verəcək, teatrda hansı tamaşa göstəriləcək. Əgər yazılırsa konkret bir neçə gündən sonra Bakıda keçirilən filan maç göstəriləcək, bu, artıq reportajın anonsu deyil, oyunun reklamı, stadiona çağırışdır. Buna gizli reklam deyilir.

Reklamın sayəsində məlum olub ki, savadsızam. Çünki bildirilir: “Filan yerdən 5 dəqiqəlik məsafədə...”. Mən isə elə düşünürdüm, məsafə millimetrdən tutmuş kilometrlərlə ölçülür...

Reklam güldürür. Məsələn, Rusiya telekanallarında artist qadın deyir: “Öz gözəlliyimə görə mən valideynlərimə və (filan) kremə borcluyam”. Ay valideyn balası, kim deyib ki, gözəlsən! Digər artist qız öz gözlərini və ... təbəssümünü tərifləyir. İndi televizor qarşısında oturub gözləyirəm görüm ki, gözəlçələr daha nəyinə tərif deyəcəklər.

Reklam iyrəndirir. Xüsusilə nəyinsə yalnız kredit şərtlərini bildirib, nağd qaydada qiymətini gizlədəndə.

“YouTube” məni tanıyır. Şəxsən. Belə ki, bir çox kanalın abunəçisiyəm: elm, musiqi, siyasət, təbiət, informasiya... Nəyi açıramsa, əvvəlində reklam gəlir. Hətta ortasında da. 1 saat çəkməyən konsert proqramı 14-16 dəfə kəsilir. Bu yolla vadar etməyə çalışırlar ki, premium şərtləri ilə abunə olaq: reklam göstərilməyəcək, əvəzində pul ödəyəcəksən. Mən isə hərif deyiləm. Reklamı dinləyirəm, özü də havayı. Bu dünyada kovid iynəsindən başqa daha nə isə pulsuz olarmış!
_

ÇIXIŞDA:

Bir kişi inəyini satmaq üçün bazara aparır. Boş-bekar durur, heç nə alınmır. Sabahı gün yenidən gəlib dayanır. Bunu görən Molla Nəsrəddin yaxınlaşıb məsləhət verir:

– Reklam lazımdır. Söylə ki, inəyin xasiyyəti mülayimdir, şıllaq atmır, yeməyə çox şey istəmir. Axırda isə de ki, qarnında balası da var.

Həmin gün inəyin bəxti açılır. Kişi evə qayıdanda arvadı onu qarşılayır:

– Ay kişi, harda qalmısan! Qızımıza elçi gəlib.

Kəndli adamların yanına çıxaraq, sözə başlayır:

– Xoş gəlmişsiniz! Bizim qız gönçə güldür, çiçəkdir. Az danışır, az yeyir. Xasiyyəti çox mülayimdir. Qarnında balası da var...

A.ƏZİZ