Rəşad Məcid də TƏLƏYƏ DÜŞMƏK ÜZRƏ İDİ - "Nazir müavini" ona hansı mesajı yazıb?

Mətbuat Şurasının sədri Rəşad Məcid süni intellektin inkişafı fonunda daha inandırıcı fırıldaqçılıq cəhdlərinin artacağı barədə xəbərdarlıq edib.

Sep 15, 2026 - 11:44
Rəşad Məcid də TƏLƏYƏ DÜŞMƏK ÜZRƏ İDİ - "Nazir müavini" ona hansı mesajı yazıb?

SAVASHMEDİA.az xəbər verir ki, Rəşad Məcid bu barədə sosial şəbəkə hesabında yazıb.

Rəşad Məcid bildirib ki, dünən özü də belə bir fırıldaq cəhdinin şahidi olub:

“Əvvəl nazir müavinindən mesaj gəlir - normal nömrədən, ad-soyadı, şəkli də yerində. 

- “Salam, Rəşad müəllim, necəsiz?””

MŞ sədri bildirib ki, hal-əhvaldan sonra zəng etməyi təklif edib, qarşı tərəf isə tədbirdə olduğunu və danışa bilmədiyini deyib. Daha sonra ona kapitan Əzizov Əkbər Rafiq oğlunun zəng edəcəyi bildirilib.

“Sonra deyir, kapitan Əzizov Əkbər Rafiq oğlu sizə zəng edəcək, mədəni insandır, görüşün onunla.”

Məcid yazıb:

“Bir az keçir, “Akbar Azizov” yazılı normal nömrədən zəng gəlir. Rusca danışır. Deyir, filankəs müəllim sizinlə danışıb? Görüşmək lazımdır.”

O, həmin vaxt tədbirdə olduğunu və saat 16:00-da oradan çıxacağını bildirib. Lakin saat 16:00-da zəng etsə də, qarşı tərəf cavab verməyib. Daha sonra həmin şəxs özü zəng edərək sabah danışacağını deyib.

“Açığı, dalağı sancan, şübhələnməyə əsas verən bir neçə məqam olsa da, nömrələrin inandırıcılığı üstün gəldi”.

Rəşad Məcid daha sonra bir tədbirdə millət vəkilləri ilə görüşdüyünü və söhbət zamanı oxşar halların onlarla da baş verdiyini öyrəndiyini bildirib.

“Axşam bir tədbirdə millət vəkilləri ilə görüşürəm. Söz düşür, sən demə, onlara da parlament rəhbərliyinin adından, rəhbər şəxslərin səsinə bənzədilən səslə zənglər gəlir və s.”

Rəşad Məcid hazırda "kapitan Əzizov Əkbər Rafiq oğlu"nun ona nə zaman zəng edəcəyini gözlədiyini yazıb.

Mətbuat Şurasının sədri hesab edir ki, bu cür hallar hələ başlanğıcdır və gələcəkdə daha inandırıcı fırıldaq cəhdləri ilə qarşılaşmaq mümkündür.

“Belə başa düşürəm, bu, hələ başlanğıcdır. Bundan sonra daha inandırıcı fırıldaq cəhdləri ilə də üzləşəcəyik. Diqqətli, çevik və ayıq olmalıyıq.

Aytən